Saç dərisində yaranan kəpək və ekzema bir çox insan üçün həm estetik, həm də narahatlıq yaradan problemdir. Bəzi hallarda bahalı şampunlar gözlənilən effekti vermədiyi üçün insanlar alternativ, daha təbii üsullara üz tutur.
News365.az xəbər verir ki, mütəxəssislərin fikrincə, ev şəraitində tətbiq edilə bilən bəzi təbii vasitələr saç dərisinin vəziyyətini yaxşılaşdırmağa kömək edə bilər.
Məsələn, alma sirkəsi saç dərisinin pH balansını tənzimləyərək qaşınma və kəpəyi azaltmağa dəstək olur. Onu su ilə qarışdıraraq yuyunduqdan sonra saç diblərinə tətbiq etmək tövsiyə edilir.
Digər təsirli vasitələrdən biri çay ağacı yağıdır. Antibakterial xüsusiyyətləri ilə seçilən bu yağ göbələk mənşəli problemlərin qarşısını almaqda faydalı sayılır. Lakin birbaşa deyil, şampuna əlavə edilərək istifadə olunmalıdır.
Kokos yağı isə xüsusilə quru saç dərisi üçün uyğundur. Dərini nəmləndirərək qabıqlanma və gərginliyi azaldır. Eyni zamanda aloe vera geli də sakitləşdirici təsiri ilə qızartı və yanma hissini yüngülləşdirə bilər.
Bununla belə, qeyd olunur ki, bu üsullar hər kəs üçün eyni dərəcədə təsirli olmaya bilər. Əgər saç dərisində ciddi zədələnmə, güclü qaşınma və ya allergik reaksiya müşahidə olunarsa, mütləq mütəxəssisə müraciət etmək lazımdır.
News365.az