“Qızılağac körfəzi — Xəzərin qulağı”

“Qızılağac körfəzi — Xəzərin qulağı”
09:45
Qızılağac körfəzi – Xəzər dənizinin cənub-qərbində, Lənkəran ovalığında yerləşən, Xəzərin ən sakit və ən canlı ekoloji bölgələrindən biridir.
Bu körfəz Qızılağac Milli Parkının bir hissəsidir.
XX əsrin əvvəllərində Azərbaycanın ərazisində Xəzər dənizi boyu su-bataqlıq quşlarının Cənub istiqamətində miqrasiyası müəyyənləşdirilib. Qızılağac körfəzi miqrasiya prosesində mühüm coğrafi əhəmiyyət kəsb etdiyi üçün 1913-1914-cü illərdən sonra xüsusi qorunan ərazi kimi mühafizə olunmağa başlanıb. Həmin əraziyə yasaqlıq statusu isə 1926-cı ildə verilib, bununla da ovçuluğa məhdudiyyət qoyulub. 1929-cu ildə Qızılağac körfəzi Xəzər dənizinin ətraf sahil zolağı ilə birlikdə qoruq elan edilib
Müəllifini yadıma sala bilmirəm, belə bir şeir yadıma düşür:
“Xəzərin cənub sahilində bir qulaq var – Qızılağac körfəzi.
Burada dəniz danışmır, amma hər şeyi eşidir.
Quşların qayıdışı, sazlıqların pıçıltısı, küləyin səsi – hamısı Xəzərin yaddaşına yazılır.
Qızılağac – dənizin nəfəsi, Xəzərin qulağıdır.
Bura təbiətin dinlədiyi yerdir.”
Qədimdə xalq arasında belə bir mistik fikir var idi. Xəzər dənizi qulaqları ilə quruda baş verənləri eşidir.
Bakının "qulaqları" barədə yazmışam vaxtilə
Bu gün isə Xəzərin "qulaqları" barədə yazmaq istəyirəm. Tarixçilərin qarşısına qədim əfsanələr və rəvayətlər tez tez çıxır. Mənim də Xəzər dənizi ilə bağlı folklor və şifahi xalq ədəbiyyatına müraciət edəndə qarşıma belə bir məlumat çıxır:
Xəzər “canlı varlıq”, “dinləyən və xatırlayan dəniz”-dir.
Minilliklər boyu sirrlər, səfərlər, dualar, səssiz şahidliklər bu suların yaddaşına hopub..
Ekoloji baxımdan: Qızılağac körfəzi Xəzərin hidrobioloji “dinləmə nöqtəsidir” — burada dənizin səviyyə dəyişiklikləri, səs dalğaları, quş miqrasiyası və iqlim dəyişmələri “eşidilir”.
Mistik baxımdan: bu ərazi suyun və səssizliyin ibadətgahıdır — sanki dəniz burada dünyanı dinləyir, amma cavab vermir, dəniz səviyyəsində, duzluluqda, suda oksigen miqdarında və iqlim dəyişməsində baş verən hər dəyişiklik burada dərhal hiss olunur.
Yəni Qızılağac körfəzi – Xəzərin bioloji “dinləmə orqanı”, “ekoloji qulağıdır.”Qızılağac körfəzi səs dalğalarını, bioloji fəaliyyətləri və hidrologiyanı izləyərək Xəzərin ekosistem sağlamlığının göstəricisini verir.
Burada aparılan səs ölçmələri göstərir ki, suyun dərinliyindəki bioloji səslər (balıqlar, quşlar, su axınları, mikroorqanizmlər) xüsusi “fon” yaradır.Qızılağac körfəzinin səthi, dərinlik quruluşu və bioloji zənginliyi səs dalğalarının müxtəlif formalarını “yığıb saxlayan” təbii rezonator yaradır.
Körfəz, Xəzər dənizinin hidrologiyasını izləmək üçün sensor zonası rolunu oynayır — burada su səviyyəsi, duzluluq, temperatur və oksigen göstəriciləri daha sürətli dəyişir. Bu səbəbdən Qızılağac körfəzi Xəzərin ekoloji “barometri” adlandırıla bilər.
Ona görə də, “Qızılağac körfəzi — Xəzərin qulağıdır” ifadəsi metafor deyil ekoloji və fiziki reallqdır.
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada