Fələstin ərazilərindən biri olan Qərbi Şəriədə silahlı israillinin 5 uşağa silah tuşladığı anlar yayılıb. Hadisə zamanı uşaqların qorxudularaq bir müddət saxlanıldığı bildirilib.
News365.az xəbər verir ki, işğal altındakı Qərbi Şəriənin Əl-Xəlil şəhərində fələstinli torpaqlarını zəbt edən silahlı israilli 5 uşağı silahla hədələyib və onları bir müddət ərazidə saxlayıb.
Fələstin Dövlət Televiziyasının rəqəmsal platformalarında yayılan görüntülərdə silahlı şəxsin Əl-Xəlilə bağlı Beyt-Ümmər qəsəbəsində bir fələstinlinin evinin yaxınlığında olan uşaqlara silah tuşlatdığı görünür. pizza
Görüntülərdə həmin şəxsin uşaqlara qışqırdığı, əllərini yuxarı qaldırmalarını tələb etdiyi və onları bir müddət ərazidə saxladığı əks olunub.
Hadisə ilə bağlı İsrail hakimiyyətindən hələlik açıqlama verilməyib.
İsrail ordusunun 2023-cü ilin oktyabrında Qəzza zolağına hücumlara başlamasından sonra Qərbi Şəriə və Şərqi Qüdsdə fələstinlilərə qarşı basqın və hücumların da artdığı bildirilir. Fələstinlilərin zorla köçürülməsinə səbəb olan addımların da davam etdiyi qeyd olunur.
Fələstinlilər İsrail əsgərləri və torpaqları zəbt edən israillilərin hücumlarının Qərbi Şəriənin ilhaqına zəmin hazırlamaq məqsədi daşıdığını bildirirlər.
Onların sözlərinə görə, bu addımlar müstəqil Fələstin dövlətinin yaradılması imkanını da ciddi şəkildə təhlükə altına salır.