Qəbul müsabiqəsinin şərtlərində dəyişiklik yoxdur.
News365.az xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərində hər hansı dəyişiklik nəzərdə tutulmur.
Onun sözlərinə görə, ötən illərdə olduğu kimi, ümumi 200 bal və ikinci mərhələdə 100 bal toplayanlar (bəzi ixtisaslar üzrə isə ümumi 150 və ikinci mərhələ üçün 50 bal) ixtisas seçimi hüququ qazanacaqlar.
Məleykə Abbaszadə həmçinin bu il keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrinin ötən illə demək olar ki, uyğun olduğunu vurğulayıb:
“2025-ci ildə imtahanda iştirak edən orta statistik şagirdin balı 132.33, 2024-cü ildə isə 132.09 olub.”
Qeyd edilib ki, bu mərhələdə toplanıla biləcək maksimal bal 300-dür.
Sədr tədbirdə gələcək imtahan iştirakçılarının davranış qaydalarına xüsusi diqqət yetirmələrinin vacibliyini də vurğulayıb. Bir daha diqqətə çatdırılıb ki, qayda pozuntularına yol verən şəxslərin bütün nəticələri ləğv olunur və onlar ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək imkanlarını itirirlər.
“Yəni, qayda pozuntusuna yol verənlər qəbul imtahanlarının ikinci cəhdinə buraxılmır və birinci mərhələnin (buraxılış imtahanının) nəticəsinə əsasən V ixtisas qrupunun müsabiqəsində iştirak hüququnu itirirlər,” – deyə Məleykə Abbaszadə əlavə edib.