Bizə bu cür müharibə lazımdır- Tural İrfan yazır

Bizə bu cür müharibə lazımdır- Tural İrfan yazır
09:41
Zaman axır. Bəşəriyyət təkamül edir, elm və texnologiyanın inkişafı sürətlənir. Yeni ehtiyaclar, maddi - mənəvi tələblər labüdləşir. Amma müharibələr dayanmır. Müharibə məsələsində bəşər daş dövründə qalıb. Tayfalar, qəbilələrarası çomaq davası bu gün raketlərlə davam edir.
Müharibəsiz dünya yaratmaq olar. Böyük dövlətlər hər nə qədər özlərini supergüc elan etsələr də əslində mahiyyəti etibarı ilə çox cılızdırlar. Güc göstərişi, təhdid, bomba atmaq heç də güclü və üstün olmaq demək deyil. Əslində bu, çarəsizliyin çarəsi kimi əlcaslzlıq illuziyasıdır...
Sərvət üstündə savaşan, başqa bir mədəniyyəti, başqa bir dəyəri öz maddi ehtirasları naminə məhv edən bir sistem sonra hansı insani, humanitar, haq-hüquq amallarından danışa bilər. Bu, bir canavarın sürünü qırıb sonra da qan tökməyin haram olması haqda moizə oxumasına bənzəyir.
İslamın prinsiplərinə görə batil və haram yollarla məqsədə çatmaq da haramdır. Yenə Dostoyevskinin sözü yadıma düşür: "Əgər bəşəriyyətin səadətini təmin edəcək bir sarayın tikintisində məsum bir körpənin göz yaşı axacaqsa, həmin saray mütləq tar-mar olacaqdır". Allahdan qorxmasaydım ərəbin dahisi (ən hiyləgəri) olardım, deyirdi İmam Əli. Amma olmadı. Çünki mənəvi, insani uxrəvi qələbəni hakimiyyət, sərvət kimi dünya qələbəsinə qurban vermədi, sərhədləri gözlədi. Zülm edənə zülm etmədi, söyəni söymədi, əzəni əzmədi. Siyasətdə məğlub oldu, amma həqiqətdə, mərhəmətdə, mərdlikdə, ədalətdə qalib gəldi. Rəqibi isə axirət, mənəviyyat, ədalət, mərhəmət kimi dəyərləri siyasət, sərvət, hakimiyyət qələbəsinə qurban verdi.
Lakin təəssüf, dünyanın təməli elə qurulub ki, haqlı həmişə hərtərəfli qalib olmur. Kamillik yalnız Allaha xas olduğu üçün kamilliyə can atanları hardasa naqis buraxır. Bəlkə də insanlar ilahlaşdırmasın, pərəstiş etməsin deyə edir. Boksçu Məhəmməd Əlinin maraqlı sözü vardı, deyirdi mən elə düşünürdüm ki, hamını məğlub etmişəm, dünyanın çempionu mənəm. Lakin Allah məni parkinson xəstəliyinə düçar edib aciz qoymaqla əsl qalibin kim olduğunu göstərdi. Peyğəmbər səhabəsi Xalid bin Vəlid 100-dən çox qatıldığı savaşların hamısında qalib gəlmişdi. Təcrübəli komandan, misilsiz hərbi strateq olduğu üçün Roma və Sasani imperiya ordularının çökdürülməsində müstəsna rolu vardı. Xəlifə Ömər Xalid haqqında artıq məğlubedilməzlik orbazı yarandığını görüb onu dərhal ordudan tərxis etdi.
Əgər keçmişdə müəyyən savaşlar inanc, mədəni dəyərlər, din uğrunda idisə müasir müharibələr yalnız maddiyyat, sərvət uğrunda aparılır. Maddiyyat, sərvət uğrunda insan öldürən bir qüvvə sonra qana bulaşmış əlini yuyub necə mənəvi, insani dəyərlərdən bəhs edə bilər? Təbii ki, bu süni və saxta alınacaq.
Bəlkə də kainatda həyatın mövcud olduğu elə qalaktikalar, planetlər var ki, orada savaş yoxdur. Varlıqlar artıq müharibələr dövrünü geridə qoyublar ya da heç əzəldən orada savaş olmayıb.
Doğrudur, insan hələ tam mənəvi təkamül mərhələsini keçməyib. Qalstuk taxıb ətir vursa da daxilən canavar, ilan yaxud da qoyundur və üfunət qoxuyur. Adamların tam insanlaşması savaşları geridə qoya, bu ənənəni gülünc və təəssüfedici bir keçmiş kimi tarixə çevirə bilər. Bu gün dünyanın hakimiyyəti əlində olan Qərb mənəvi, mədəni ali dəyərlərin deyil, maddi sərvətlərin əldə edilməsi üçün çabalayır, savaşır, qan tökür, işğallar həyata keçirir. Halbuki heç bir maddi zənginlik mədəni, mənəvi, ülvi-insani dəyərləri əvəz edə bilməz. Qərb insanının istifadə etdiyi bütün həzzlər bitdikdən sonra maddi təkamülə geylik yaxud narkotiklərlə çatmaq istəyir. O da tükəndikdə, üzünü əməliyyat etdirib itə oxşadır və bir gün də diskotekada artıq dozadan ürəyi dayanır. Bununla da Qərb adamının ömrü bitdi.
Şərqdə isə həzzlər maddi deyildi, mənəvi zənginliklər, inanc sistemləri, fəlsəfə məktəbləri, ölümsüzlük, axirət məsuliyyəti, mələk əxlaqı nümunəsi üzərindən bərqərar idi. Qərb artıq Şərqin bütün mənəvi dəyər və sərvətlərini çürüdüb məhv etməkdədir.
Müharibələr erası bitməlidir. Əgər müharibə lazımdırsa bu, beyinlərin savaşı olmalıdır.
Bir tərəfdən ülfi dəyərlərdən, demokratiyadan, multikulturalizmdən, tolerantlıqdan, insan haqlarının qorunmasından danışıb digər tərəfdən Quranı küçədə yandırtdırmaq və başqa ölkələrin dinc insanlarını öldürmək, mədəniyyətini məhv etmək paradoksdur.
Elə bir dünya nizamı qurulmalıdır ki, nəinki müharibə olmasın, heç ümumiyyətlə müharibəyə ehtiyac qalmasın. Məmməd Araz demişkən:
Əridib silahları
Marten sobaslnda,
Körpü sala billik
Yerlə Mars arasında
Müharibə olmazsa...

Tural İrfan, politoloq

Sizin reklam burada
Sizin reklam burada