İcra Hakimiyyəti hadisədən xəbərsizdir - Sumqayıtda qalmaqallı tikinti + YENİLƏNDİ

İcra Hakimiyyəti hadisədən xəbərsizdir - Sumqayıtda qalmaqallı tikinti + YENİLƏNDİ
17:04

Məsələ ilə bağlı News365.az-a açıqlama verən Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev sözügedən hadisədən xəbərsiz olduqlarını bildirib:

"Bizə bu barədə hər hansı məlumat daxil olmayıb."


***

Sumqayıt şəhərinin Əzizbəyov küçəsi, 4-cü məhəllə yerləşən mərkəzi ərazilərdən birində yeni tikilən binada təhlükəli anlar yaşanıb. Ölkə ərazisində əsən güclü külək tikilməkdə olan binanın eyvanını və divarlarını uçurub.

Dağılan tikinti materialları və kərpic qalıqları qarşıdakı yaşayış evlərinin üstünə tökülüb. Xoşbəxtlikdən xəsarət alanlar barədə məlumat verilməsə də, ətrafdakı evlərə və sakinlərə ciddi təhlükə yaranıb.

"1950-ci illərin binalarına heç nə olmur, yeni binanın divarı uçur..."

Sakinlərin narazılığına cavab olaraq tikinti şirkətinin nümayəndələri baş verənləri "təbii fəlakət" kimi qiymətləndirməyə çalışıblar. Lakin yerli sakinlərin sözlərinə görə, külək 1949–1952-ci illərdə inşa olunan köhnə binalara heç bir zərər vurmadığı halda, yeni tikilinin belə asanlıqla dağılması tikintinin keyfiyyətsiz aparıldığını göstərir. Sakinlər bu binanın yararsız olduğunu və bu vəziyyətdə istifadəyə verilməsinin böyük faciələrə yol aça biləcəyini bildirirlər.

Məftillə "bərkidilən" divarlar

Ən acınacaqlı məqam isə hadisədən sonra tikintidə aparılan "bərpa" işləridir. Məlumata görə, hazırda fəhlələr uçulmanın qarşısını almaq üçün divarları sadə məftillərlə bağlamağa çalışırlar.


Sakinlər aidiyyəti qurumlardan məsələyə təcili müdaxilə etməsini, tikintinin təhlükəsizlik standartlarına uyğunluğunun yoxlanılmasını tələb edirlər.



Sizin reklam burada
Sizin reklam burada