Rusiya–Ukrayna müharibəsi və ABŞ-İsrail cəbhəsinin İrana hücumları ilə başlayan gərginlik artıq Azərbaycanın bilavasitə strateji maraqlar zonası olan Xəzər dənizinə də keçib. Ölkəmizin həm şimal, həm də cənub sərhədlərində hərbi əməliyyatların alovlanması regional təhlükəsizlik üçün ciddi risklər yaradır.
Sözügedən prosesləri News365.az-a şərh edən politoloq Turan Rzayev bildirib ki, son günlər Xəzər akvatoriyasında hərbi fəallığın artması narahatlığı pik həddə çatdırıb.

Ekspertin sözlərinə görə, əvvəlcə ABŞ-ın Xəzərdəki dəniz bazasına zərbə endirməsi, ardından isə Ukraynanın Rusiyaya məxsus HHM sistemlərini, hərbi gəmiləri və Xəzər dənizindəki bəzi obyektləri hədəf alması hərbi coğrafiyanın genişləndiyini göstərir:
“‘Fortune’ nəşrinin də iddia etdiyi kimi, Ukrayna Xəzərdəki gəmiləri vurmaqla ABŞ-ın İran ətrafındakı blokada halqasını tamamlamağa dəstək verir. Məqsəd yalnız Rusiyanın mövqelərini zəiflətmək deyil, həm də bir-birinə dəstək verən Moskva və Tehran cütlüyünə ortaq zərbə vurmaqdır”.
T.Rzayev vurğulayıb ki, Bakı illərdir Xəzərin hərbiləşməsinin qarşısını almağa və onu yalnız sabitlik, əməkdaşlıq məkanı kimi saxlamağa çalışır. Lakin hərbi əməliyyatların bu hövzəyə sirayət etməsi birbaşa təhlükə yaradır:
“Müharibənin dənizə keçməsi enerji infrastrukturu, logistika marşrutları, dəniz nəqliyyatı və regional iqtisadi layihələr üçün böyük riskdir. Müasir müharibələrdə təhlükə yalnız birbaşa hücumla bitmir. Ticarət yollarındakı qeyri-müəyyənlik də milli təhlükəsizliyimizə ciddi təhdiddir”.
Politoloq hesab edir ki, Azərbaycan mövcud riskləri düzgün qiymətləndirir və emosional qərarlardan yayınaraq balanslı xarici siyasətini saxlayacaq:
“Bakı strateji səbir nümayiş etdirərək bütün tərəflərlə dialoq imkanlarını açıq saxlayır. Bu, tərəfləri gələcək danışıqlar masasına gətirmək üçün vacibdir. Lakin Naxçıvan insidentində olduğu kimi, ehtiyac yaranarsa, Azərbaycan adekvat və kəskin cavab verməyə də hazırdır”.
Sonda ekspert əlavə edib ki, baş verənlər Azərbaycanın Xəzər donanmasının gücləndirilməsinin nə dərəcədə həyati əhəmiyyət daşıdığını göstərdi:
“Mövcud donanmamız dövlət sərhədlərini qorumaq üçün kifayət etsə də, potensialın daha da artırılması və dəniz sərhədlərinin, strateji obyektlərin mühafizəsinin gücləndirilməsi artıq əsas strateji hədəfimiz olmalıdır”.