Yaponiyada güclü ZƏLZƏLƏ - YENİLƏNDİ

Yaponiyada güclü ZƏLZƏLƏ - YENİLƏNDİ
15:46

Yaponiyanın Kumamoto prefekturası ərazisində baş vermiş zəlzələ nəticəsində böyük ticarət mərkəzi və körpünün bir hissəsi uçub.

News365.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar zamanı XVII əsrin əvvəllərində inşa edilmiş tarixi Kumamoto qalasına da ziyan dəyib.

"Daxil olan çoxsaylı məlumatlara görə, qala divarının bir hissəsi dağılıb", - deyə xəbərdə bildirilir.

Bu qala eyniadlı Kumamoto prefekturasının və şəhərinin əsas turistik məkanıdır. Hər il buranı 1.5 milyondan çox insan ziyarət edir.

Qeyd olunur ki, 2016-cı ildə baş vermiş zəlzələ zamanı da sözügedən tarixi tikili ciddi zərər görmüşdü. Həmin vaxt müdafiə divarının daş hörgüsü və damın kirəmitləri qismən uçmuşdu.

Məlumata görə, təbii fəlakət səbəbindən təxminən 48 min ev işıqsız qalıb.

Bundan əlavə, zəlzələdən sonra elan edilən sunami təhlükəsi ləğv olunub.

NHK telekanalının məlumatına görə, güclü zəlzələ nəticəsində 50-dən çox insan xəsarət alıb.

***

13:36

Yaponiyada baş verən 7,1 maqnitudalı zəlzələ nəticəsində 50-dən çox insan yaralanıb.

News365.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində yanğınlar başlayıb, yollar, körpülər və binalar zədələnib, bir sıra ərazilərdə isə elektrik enerjisinin verilişi dayanıb.

Hazırda hadisə bölgəsində axtarış-xilasetmə və bərpa işləri davam etdirilir.

***

Yaponiyanın Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib.

News365.az xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələnin episentri Kumamoto prefekturasının Kumamoto rayonunda, təxminən 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.


Sizin reklam burada
Sizin reklam burada