Maddilər kəsir, hesablar və borc qayğıları təkcə cibə deyil, birbaşa beyin fəaliyyətinə ağır zərbə vurur. London Universitet Kollecinin (UCL) alimləri 50 yaşdan sonra yaşanan maliyyə çətinliklərinin insan beyninə dağıdıcı təsirini sübut edən həyəcanverici nəticələr əldə ediblər.
News365.az-in yaydığı məlumat göstərir ki, 2 759 nəfər arasında aparılan uzunmüddətli müşahidələr gözlənilməz bir reallığı ortaya çıxarıb.
Tədqiqata əsasən, gəlirləri məhdud olan və daim maliyyə sıxıntısı yaşayan şəxslərdə artıq 53 yaşa çatdıqda yaddaş zəifləməsi və düşünmə sürətinin kəskin aşağı düşməsi müşahid olunur.
Ən təhlükəli məqam isə odur ki, nə ali təhsil, nə də yüksək intellekt (İQ) səviyyəsi yoxsulluğun beyində yaratdığı bu mənfi fəsadların qarşısını almağa kifayət etmir.
Alimlərin qənaətinə görə, ödənməmiş hesablar, qapanmayan borclar və gələcək qorxusu insanı fasiləsiz xroniki stress vəziyyətində saxlayır. Davamlı psixoloji gərginlik isə:
Beyin hüceyrələrinin vaxtından əvvəl qocalmasına,
Qərarvermə və idrak (koqnitiv) funksiyalarının zəifləməsinə,
Yaddaş mexanizminin sıradan çıxmasına yol açır.
Bir sözlə, daimi maliyyə çətinliyi insan beynini bioloji yaşından qat-qat sürətlə qocaldır və bu prosesdən qorunmaq fərdi intellekt hesabına mümkün olmur.