Azərbaycan Prezidenti İlham Əliyev “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqləyib.
Millət vəkili Vüqar Bayramovun sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, yeni dəyişikliklərə əsasən, işğaldan azad olunmuş ərazilərə köçürülən və dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilən, həmçinin təklif olunan mənzildən imtina edən keçmiş məcburi köçkünlər mənzillə təmin olunduqdan sonra da 3 il müddətində mövcud sosial güzəştlərdən yararlana biləcəklər.
Hazırda keçmiş məcburi köçkün statusuna malik ailə üzvlərinin hər biri üçün aylıq 60 manat müavinət ödənilir. Bundan əlavə, onların övladları dövlət ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olunduqda təhsil haqları dövlət tərəfindən qarşılanır, həmçinin bir sıra dövlət rüsumları üzrə güzəştlər tətbiq edilir. Yeni qanun bu sosial dəstəyin mənzillə təmin olunduqdan sonra da 3 il ərzində davam etməsini nəzərdə tutur.
Qanunda təhsil güzəşti ilə bağlı da mühüm yenilik var. Belə ki, keçmiş məcburi köçkün ailəsinin övladı universitetə qəbul olarkən bu hüquqa malikdirsə, onun təhsil müddəti 3 ildən çox olsa belə, güzəşt bütün təhsil dövrü ərzində qüvvədə qalacaq.
Dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılacaq. Fond həmin ərazilərdə mülkiyyətlə təmin olunan şəxslərin mülkiyyət hüququnun tanınmasını və onlara Dövlət Reyestrindən çıxarışların verilməsini təmin edəcək. Beləliklə, dövlət tərəfindən verilən yaşayış sahələri ilk dəfə olaraq çıxarışla rəsmiləşdiriləcək və keçmiş məcburi köçkünlərin mülkiyyət hüququ tanınacaq.
Prezidentin fərmanına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 3 ay müddətində “məcburi köçkün” statusunun və müvafiq vəsiqənin verilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlı tədbirlər görərək dövlət başçısına məlumat təqdim etməlidir.
Nazirlər Kabinetinə isə işğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi qaydasını 4 ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaq tapşırılıb.
Qeyd edək ki, millət vəkili Vüqar Bayramov bildirib ki, son dəyişikliklər dövlətin keçmiş məcburi köçkünlərə göstərdiyi sosial dəstəyin davamlı xarakter daşıdığını və onların doğma yurdlarına qayıtdıqdan sonra da sosial təminatının qorunacağını göstərir.