Qazaxıstan və Ermənistan TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) nəqliyyat dəhlizinin inkişaf perspektivlərini, o cümlədən onun Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə əlaqələndirilməsi imkanlarını müzakirə ediblər.
News365.az xəbər verir ki, bu məsələlər Qazaxıstan Baş nazirinin müavini - nəqliyyat naziri Asel Janasovanın Ermənistana işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə müzakirə olunub. Asel Janasova Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb. Görüşlərin əsas mövzusu TRIPP nəqliyyat dəhlizinin Qazaxıstan üçün tranzit imkanları, marşrutun inkişafı və beynəlxalq nəqliyyat-logistika şəbəkələrinə inteqrasiyası olub.
TRIPP marşrutunun inkişafı Qazaxıstanın Avrasiya nəqliyyat-logistika sistemində mövqelərinin möhkəmləndirilməsi üçün əlavə imkanlar açır. Layihənin həyata keçirilməsi beynəlxalq nəqliyyat dəhlizlərinin şaxələndirilməsinə, əlavə yük axınlarının cəlb edilməsinə və regionda logistika əlaqələrinin genişləndirilməsinə töhfə verəcək.