Qubada bir qəribə sükut var. Elə bil, rayonun havasına səsboğan qazlar buraxıblar. Çöldə-bayırda adamlar danışır, amma sözləri elə havada yoxa çıxır. Xüsusilə media üçün bu vəziyyət tamam başqadır – jurnalistlər sanki görünməz divarla üzləşiblər.
Quba Rayon İcra Hakimiyyətinin “media qrupu” adlı bir platforması var. Adı var, amma içi boş bir sandıq kimi. Orada ancaq “seçilmiş” şəxslər danışa bilir. Bu qrupa media dəvət olunubmu? Bəli. Amma bir şərtlə: dinləyici qismində. Yazmaq, fikir bildirmək, sual vermək? Bunlar qeyri-mümkündür.
Sanki bir teatr səhnəsi qurulub – aktyorlar İcra Hakimiyyətinin nümayəndələridir, tamaşaçılar isə media işçiləri. Jurnalistlərə yalnız əl çalmaq və ya başını aşağı salıb sakit oturmaq düşür. Əgər kimsə səhnəyə çıxmaq, sual vermək istəsə, rejissorun sərt baxışı ilə üzləşir: “Ssenaridə belə bir səhnə yoxdur!”
Bu, bir növ futbol oyununa bənzəyir, amma tək qapıya oynanılır. Hakimiyyətin “komandası” meydandadır, media isə tribunada. Üstəlik, azarkeşlərə qışqırmaq da qadağandır. Qapıdan top keçsə də, keçməsə də, elan olunan nəticə dəyişməzdir: “Hər şey yaxşıdır, problem yoxdur!”
Bu vəziyyət, çayxanada oturub televiziya xəbərlərinə baxan yaşlı kişiləri xatırladır. Ekranda hər şey əladır, inkişaf var, abadlıq işləri aparılır. Amma həmin kişilər pəncərədən çölə baxanda yolların bərbad olduğunu görür. Bir sözlə, icra hakimiyyətinin mediası o pəncərəni bağlayıb, pərdələri çəkib, süni işıqda öz hekayəsini danışır.
Quba təkcə təbiəti ilə deyil, azad düşüncəsi ilə də gözəl olmalıdır. Amma hazırda bu rayonda sözün əsil mənasında səs eşidilmir. Nə medianın, nə vətəndaşın, nə də həqiqətin səsi… Səssiz bir şəhər təsəvvür edin. Küçələrdə maşınlar var, dükanlar açıqdır, insanlar gedib-gəlir. Amma heç kim danışmır. Danışanlar isə yalnız seçilmiş mikrofonlara sahib olanlardır. Qubada təkcə media susmur, həqiqət də boğulur.
Cəfər Talıb