"Xocalı soyqırımından 33 il ötür. Bu illər ərzində Azərbaycan xalqı böyük sınaqlardan, ağır məşəqqətlərdən keçdi. Ancaq xalqımızın sarsılmaz iradəsi, qətiyyəti və uzaqgörən liderin sayəsində bu gün biz Xocalıya qayıdırıq."
Milli Məclisin deputatı Hikmət Babaoğlu bu sözləri News365.az-a açıqlamasında deyib.
"Sevindirici haldır ki, vaxtilə Xocalıda ayaqyalın, silahsız halda işgəncələrə məruz qalan, öldürülən soydaşlarımızın tərk etmək məcburiyyətində qaldığı yurdlarına bu gün onların övladları qürurla, təntənə ilə qayıdır. Bu, Azərbaycan xalqının iradəsinin və qələbəsinin göstəricisidir.
Bu günlərdə Azərbaycan Prezidenti Ballıcaya səfəri zamanı yerli sakinlərlə görüşdə bir daha vurğuladı ki, biz Xocalının qisasını aldıq. Bu, təkcə bir qisas deyil, həm də böyük bir dərsdir. Azərbaycan xalqına qarşı etnik nifrətlə törədilmiş cinayətlər heç vaxt cavabsız qalmayacaq. Ədalət mütləq yerini tapır və bu, beynəlxalq ədalətin təntənəsidir.
Bu gün Azərbaycan xalqı qürur hissi keçirir. Xocalı bizimdir, Ballıca bizimdir, bütün Qarabağ bizimdir! Biz öz doğma yurdumuza qayıdırıq və böyük Qayıdışın sevincini yaşayırıq."