Rusiya İstintaq Komitəsi Fransanın Marsel şəhərində Rusiyanın Baş Konsulluğu yaxınlığında baş vermiş partlayışla bağlı cinayət işi açıb. Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
“Cinayət işinin bir hissəsi olaraq biz Rusiya Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edirik və hüquqi yardım üçün beynəlxalq sorğu hazırlayırıq. Hadisənin bütün təfərrüatları müəyyənləşdirilir”,- o qeyd edib.
Qeyd edilib ki, iş “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya qurumlara hücum” maddəsi ilə açılıb. Bu cinayətə görə maksimum cəza 20 ilə qədər həbsdir.
Partlayış fevralın 24-də baş verib. Naməlum şəxslər konsulluq ərazisinə partlayıcı atıblar və onları saxlamaq mümkün olmayıb. Konsulluğun əməkdaşları və ya ziyarətçilərdən heç biri zərər görməyib.
Xatırladaq ki, bir neçə gündür Rusiya Xarici Kəşfiyyat Xidməti və rəsmiləri diplomatik nümayəndəliklərə qarşı silsilə terror aktlarının təşkil edilə biləcəyi barədə bəyanatlar yayır. İddia olunur ki, Kiyev hazırda aktivləşən danışıqları pozmaq üçün Rusiyanın Avropadakı diplomatik nümayəndəliklərini bu yolla hədəfə alır.
Tural