"Bu faciə heç vaxt yaddaşımızdan silinməyəcək"- Politoloqdan açıqlama

"Bu faciə heç vaxt yaddaşımızdan silinməyəcək"- Politoloqdan açıqlama
13:08

"Xocalı faciəsindən 33 il ötür. Bu, Azərbaycan tarixində silinməz iz qoyan və hər bir azərbaycanlının yaddaşına əbədi həkk olunan bir faciədir. Həmin vaxt bütün dünya ermənilərin vəhşiliyinin, Ermənistanın aqressiv siyasətinin və bu siyasəti həyata keçirərkən törətdikləri amansız qətliamın şahidi oldu."

Politoloq Sultan Zahidov bunu News365.az-a açıqlamasında deyib. 

"Baxmayaraq ki, 30 ildən çox vaxt keçib, Azərbaycan 2020-ci ildə bu işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdi. Artıq Xocalıya doğma sakinləri geri dönüblər. Qisasımız alınıb, Xocalı soyqırımını törətməkdə rol oynayan şəxslər bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər. Beləliklə, Azərbaycan dövləti müəyyən mənada ədaləti bərpa edib və əli qanlı cinayətkarların mühakiməsinə vəsilə olub.

Bu faciə heç vaxt yaddaşımızdan silinməyəcək. Ancaq ən azı bir təsəllimiz var ki, soydaşlarımız doğma torpaqlarına qayıdıb və orada dinc şəraitdə həyatlarını davam etdirirlər. Digər tərəfdən, Xocalıda baş verənlər bizə bir daha xatırladır ki, Ermənistanın bəzi dairələrində revanşizm və faşizm ideologiyası hələ də hökm sürür. Bu ideologiyanın təsiri altında olan şəxslər gələcəkdə də bənzər cinayətlər törətmək potensialına malikdirlər. Azərbaycan hər zaman buna hazır olmalıdır və hazırdır.

Bu gün Paşinyan fərqli ritorika sərgiləyə bilər, amma onun mövqeyi sabah dəyişə bilər. Üstəlik, o, hakimiyyətdən gedərsə, yerinə gələn şəxslərin də revanşist və faşist ideologiyalara söykənməyəcəyinə heç bir zəmanət yoxdur. Buna görə də, Azərbaycan hərbi və siyasi imkanlarını səfərbər edərək, tarixdə bir daha Xocalı soyqırımına bənzər hadisələrin baş verməməsi üçün bütün gücünü səfərbər edəcəkdir."


Sizin reklam burada
Sizin reklam burada