"Xocalı faciəsindən artıq 33 il ötür və bu gün media məkanına nəzər saldıqda bu vəhşiliklərin necə törədildiyinin etirafı ilə bağlı videolara rast gəlirik. Misilsiz bir faciə Azərbaycan xalqının başına gətirilmişdir. Hesab edirəm ki, bu, insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayətdir."
Politoloq İlyas Hüseynov bu sözləri News365.az-a açıqlamasında deyib.
"Vətən müharibəsi zamanı səsləndirilən fikirləri xatırlatmaq istəyirəm ki, o dövrdə bildirilirdi: əgər vaxtında Xocalı soyqırımına hüquqi qiymət verilsəydi, sonrakı qətliamlar, soyqırımlar törədilməzdi. Lakin hələ də Xocalı soyqırımına tam mənasında hüquqi qiymət verilməmişdir. Baxmayaraq ki, hörmətli Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası hər il keçirilir və Vətən müharibəsindən sonra lokal xarakterli antiterror tədbirləri çərçivəsində bu istiqamətdə işlər davam etdirilir.
Buna baxmayaraq, Xocalı soyqırımına hüquqi qiymət verilməlidir. Ermənistan dövləti Azərbaycan xalqından üzr istəməli və müvafiq təzminatlar ödəməlidir. Necə ki, Xolokost faciəsinə hüquqi qiymət verilmişdir. Lakin Azərbaycan bu haqq mübarizəsini, qətiyyətli duruşunu və ədalət savaşını bundan sonra da davam etdirəcəkdir.
Dünyanın müxtəlif parlamentlərində müzakirələrin aparılması, qətnamələrin qəbul edilməsi, Ermənistanın faşizmini pisləyən sənədlərin qəbul olunmasına çalışmaq lazımdır. Və düşünürəm ki, biz bu mühüm məqsədə çatacağıq.
Bu gün Azərbaycan diplomatiyası dünyanın müxtəlif ölkələrində, səfirliklər vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək üçün tədbirlər həyata keçirir. Lakin burada ən vacib məqam ondan ibarətdir ki, Xocalı artıq Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qəti siyasi iradəsi və qəhrəman ordumuzun şücaəti sayəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmişdir. Artıq keçmiş məcburi köçkünlərimiz doğma Xocalımıza qayıdırlar. Bu, çox mühüm bir hadisədir.
Lakin bununla yanaşı, Azərbaycan haqq savaşını bundan sonra da davam etdirməlidir."- deyə fikirlərini bildirib.