ABŞ Federal Aviasiya Administrasiyası (FAA) ölkə üzrə uçuşların fövqəladə hallar və təhlükəsizlik səbəbindən növbəti xəbərdarlığa qədər dayandırıldığını açıqlayıb.
News365.az-ın CNN International xəbərdən aldığı məlumata görə, qərara ölkə daxilində hava hərəkətini idarə edən mərkəzlərdə yaranan rabitə problemi səbəb olub.
FAA-nın sözçüsü bildirib ki, nasazlıq hava hərəkətinə nəzarət sisteminin fəaliyyətinə təsir göstərib. Qurum beynəlxalq uçuşların isə vəziyyət qiymətləndirildikdən sonra həyata keçirilməli olduğunu qeyd edib.
Uçuşları izləyən FlightAware platformasının məlumatına görə, ABŞ-da təxminən 7 min reys gecikib və ya ləğv edilib.
“Washington Examiner” qəzetinin məlumatında isə ölkə üzrə təyyarələrin hərəkətini izləyən obyektlərə təsir edən mərhələli radiotezlik pozuntusunun baş verdiyi bildirilib.
Qeyd edək ki, ABŞ-da sonuncu dəfə ölkə miqyasında uçuşların dayandırılması ilə bağlı qərar 2023-cü ilin yanvarında pilotlara bildiriş sistemində yaranan nasazlıq səbəbindən qəbul edilmişdi. Bundan əvvəl belə genişmiqyaslı qərar 11 sentyabr 2001-ci il terror hücumlarından sonra verilmişdi.