66 il əvvəl verilən qiyamət proqnozu bu günə təsadüf etdi – Bəs niyə baş vermədi?

66 il əvvəl verilən qiyamət proqnozu bu günə təsadüf etdi – Bəs niyə baş vermədi?
02:17

1960-cı ildə dünya alimlərinin irəli sürdüyü qeyri-adi proqnoz yenidən gündəmə gəlib. Həmin vaxt nüfuzlu “Science” jurnalında dərc olunan araşdırmada 2026-cı ildə Yer kürəsinin əhalisinin həddindən artıq artacağı və bunun bəşəriyyət üçün fəlakətli nəticələrə səbəb olacağı iddia edilirdi.

News365.az xəbər verir ki, avstriyalı fizik Haynts fon Förster və İllinoys Universitetindən olan həmkarları tərəfindən hazırlanan tədqiqatda bəşəriyyət üçün əsas təhlükənin nüvə müharibəsi və ya kosmik fəlakət deyil, əhalinin sürətlə artması olduğu bildirilirdi.

Alimlərin hesablamalarına əsasən, 2026-cı ildə dünya əhalisi riyazi baxımdan sonsuzluğa yaxınlaşmalı, planet isə həddindən artıq sıxlıqla üzləşməli idi. Lakin 13 noyabr 2026-cı ildə belə bir hadisə baş verməyib. Hazırda Yer kürəsində təxminən 8,3 milyard insan yaşayır.

Alimlər bu qənaətə necə gəlmişdilər?

Fon Förster və həmkarlarının araşdırması həmin dövrün demoqrafik göstəricilərinin riyazi təhlilinə əsaslanırdı. Tədqiqatçılar müəyyən etmişdilər ki, tarix boyu dünya əhalisinin ikiqat artması üçün tələb olunan müddət getdikcə qısalır.

Bu tendensiyanı riyazi modelə tətbiq edən alimlər hiperbolik artım nəzəriyyəsini irəli sürmüşdülər. Modelə əsasən, əhali artımının sürəti müəyyən mərhələdə sonsuzluğa yaxınlaşmalı idi.

Hesablamalar konkret tarixdən daha çox 2026,87-ci ili, təxminən 5,5 illik xəta payı ilə göstərirdi. “The New York Times” qəzetinin həmin dövrdə yazdığına görə, fon Förster bu tarix aralığından simvolik olaraq 13 noyabrı seçmişdi. Maraqlıdır ki, bu tarix alimin doğum gününə də təsadüf edirdi.

Proqnoz niyə gerçəkləşmədi?

Müasir demoqraflar 1960-cı ildə irəli sürülən proqnozun özünü doğrultmamasını bir neçə amillə əlaqələndirirlər.

İlk növbədə, əhali artımının uzun müddət eyni sürətlə davam etməsi mümkün deyil. Təbii resursların məhdudluğu və sosial-iqtisadi dəyişikliklər bu prosesə təsir göstərir.

Digər mühüm amil şəhərləşmə, qadınların təhsil və əmək bazarında iştirakının artmasıdır. Bu dəyişikliklər dünyanın bir çox ölkəsində doğum səviyyəsinin aşağı düşməsinə səbəb olub.

Bununla yanaşı, kənd təsərrüfatında tətbiq edilən yeni texnologiyalar ərzaq istehsalını artıraraq qlobal ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verib.

Dünya əhalisini gələcəkdə nə gözləyir?

BMT-nin proqnozlarına əsasən, dünya əhalisinin sayının 2080-ci illərin ortalarında təxminən 10,3 milyarda çatacağı, daha sonra isə tədricən azalacağı gözlənilir. Bu prosesdə doğum səviyyəsinin aşağı düşməsi və əhalinin yaşlanması əsas rol oynayacaq.

Beləliklə, 66 il əvvəl irəli sürülən qiyamət ssenarisi reallaşmasa da, həmin araşdırma demoqrafik artımın gələcək nəticələri ilə bağlı elmi müzakirələrdə özünəməxsus yer tutub.


Sizin reklam burada
Sizin reklam burada