"Şuşa, Laçında və Kəlbəcərdə dalğalanan Azərbaycan bayrağı Türkiyə üçün qürur mənbəyidir. Qarabağda qələbə sevincini bölüşdüyümüz kimi, Qafqazda da sülh və rifah üçün qətiyyətlə çalışacağıq".
News365.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciətində deyilir.
Türkiyə dövlət başçısının müraciətində Zəngəzur dəhlizinin açılışının Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrini gücləndirəcəyi, eləcə də Türkiyə ilə türk dünyası arasında ünsiyyət üçün yeni imkanlar yaradacağı qeyd olunub.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, "Tarix boyu Türkiyə həm Qafqaz bölgəsinin kədərini, həm də sevincini bölüşüb. Ortaq tariximizin gücündən istifadə edərək, gələcək nəsillərə sülh və sabitliklə xarakterizə olunan bir bölgəni ötürmək istəyirik".
O, həmçinin Prezident İlham Əliyevlə “Bir xalq, iki dövlət” prinsipi əsasında imzalanmış Şuşa Bəyannaməsi sayəsində iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha vurğulayıb.