Məhkəmə ekspertlərinə dair tələblər yenilənir

Məhkəmə ekspertlərinə dair tələblər yenilənir
13:50

Məhkəmə eksperti olmaq istəyən şəxslərin ali təhsil ixtisasının fəaliyyət göstərəcəkləri ekspertiza sahəsinə uyğun olması tələb ediləcək. Hər bir məhkəmə eksperti ixtisası üzrə zəruri ali təhsil istiqamətləri ayrıca siyahı ilə müəyyənləşdiriləcək.

News365.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, qanunun məhkəmə ekspertlərinə dair tələbləri müəyyən edən müddəasına dəyişiklik edilir. Belə ki, ekspert olmaq istəyən şəxsin xüsusi biliklərinin müvafiq məhkəmə eksperti ixtisasına uyğun olması şərti müəyyənləşdirilir.

Bundan əlavə, hər bir məhkəmə eksperti ixtisası üzrə fəaliyyət göstərmək üçün tələb olunan ali təhsil ixtisaslarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənən siyahı əsasında müəyyən edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu məsələ Prezidentin 2025-ci il 11 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya"da da öz əksini tapıb.

Bununla yanaşı, qanunun müvafiq maddəsində "məhkəmə ekspertizası ixtisası" ifadəsinin "məhkəmə eksperti ixtisası" ilə əvəzlənməsi təklif olunur. Bu dəyişiklik terminologiyanın dəqiqləşdirilməsinə xidmət edir.

Bildirilib ki, dəyişikliklərin məqsədi məhkəmə ekspertlərinin fəaliyyət sahələrinə uyğun ali təhsilə malik olmasını təmin etmək, ekspert şəhadətnamələrinin verilməsində vahid meyarlar tətbiq etmək və ekspert rəylərinin keyfiyyətini artırmaqdır.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Sizin reklam burada
Sizin reklam burada