Yaxın regionda geosiyasi proseslərin sürətlə dəyişdiyi və yeni dünya düzəninin formalaşdığı bir dövrdə Azərbaycan üçün regional sabitliyin qorunması xüsusi əhəmiyyət daşıyır. Ermənistanla sülh danışıqlarının davam etdiyi, bölgədə gələcək proseslərin qeyri-müəyyən qaldığı bir vaxtda siyasi məsələlərin gündəmə gətirilməsi də müxtəlif müzakirələrə yol açır.
Politoloq Mübariz Əhmədoğlu TV 365 kanalına müsahibəsində Borçalı ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib. O bildirib ki, əsas məqsədi Borçalının ikinci Qəzzaya çevrilməsinin qarşısını almaqdır.
Politoloq vurğulayıb ki, fikirləri yanlış anlaşılmamalı və fərqli istiqamətdə yozulmamalıdır.
“Problemimiz çox böyükdür. 44 günlük müharibə zamanı problemin qarşısını almaq üçün bu məsələləri gündəmə gətirməklə mübarizədə mənim ən böyük məqsədim Gürcüstanın, Borçalının ikinci Qəzzaya çevrilməsinin qabağını almaqdır. Mən qadınların erməni ilə gürcünün arasında qalmasını deyəndə bunu nəzərdə tutmuşam. Mən bunu pis niyyətlə deməmişəm. Gedib Qəzzanın tarixinə baxsınlar, orada baş verənləri öyrənsinlər”, – deyə politoloq bildirib.
Mübariz Əhmədoğlu Qəzzada və Livanda baş verən hadisələri xatırladaraq, münaqişələrin dinc əhali üçün ağır nəticələr doğurduğunu diqqətə çatdırıb. O, Borçalıda da oxşar vəziyyətin yaranmasını istəmədiyini və səsləndirdiyi fikirlərin məhz bu narahatlıqdan qaynaqlandığını bildirib.
Politoloq 44 günlük müharibənin sonlarına yaxın Borçalı azərbaycanlılarından ibarət bir qrupun Ermənistan istiqamətində hərəkət edən avtomobillərin qarşısını kəsərək onlara daş və kərpic atması ilə bağlı hadisəni də xatırladıb.
Onun sözlərinə görə, həmin dövrdə İran qoşunlarının Ermənistan sərhədinə yerləşdirilməsi fonunda baş verən hadisələr diqqət çəkib. Mübariz Əhmədoğlu bu məsələyə münasibət bildirərkən “Borçalı” ifadəsinin bütöv bir icmaya şamil edilməsinin doğru olmadığını vurğulayıb.