“Borçalıda şiəliyin beli qırılır, orada xomeynçilik təbliğ olunur” - Mübariz Əhmədoğlu

“Borçalıda şiəliyin beli qırılır, orada xomeynçilik təbliğ olunur” - Mübariz Əhmədoğlu
13:58

Politoloq Mübariz Əhmədoğlu Borçalıda baş verən proseslər, İranın bölgədəki təsiri və dini fəaliyyət adı altında aparıldığını iddia etdiyi siyasi təbliğatla bağlı fikirlər səsləndirib. O, Borçalı azərbaycanlılarının böyük əksəriyyətinin mövqeyini dəstəklədiyini iddia edib, bölgədəki bəzi dini şəxslərin fəaliyyətini tənqid edib.

Mübariz Əhmədoğlu TV 365 kanalına müsahibəsində bildirib ki, onun fikirlərinə etiraz edənlər Borçalı azərbaycanlılarının cüzi hissəsini təşkil edir:

“Ən üzülməyə səbəb olanlar, inanın, nisbətdə onların üç-beş faizidir. Böyük əksəriyyət mənim mövqeyimin tərəfindədir. Deyirlər, Mübariz, nə münasibətiniz var? Yaxud düz deyirsiniz. Əksəriyyət deyir ki, Borçalı İranın təsiri altındadır. Bunu yerli Borçalı azərbaycanlıları da danışır”.

Politoloq Borçalıda dini fəaliyyət adı altında siyasi məqsədlərin həyata keçirildiyini iddia edib. Onun sözlərinə görə, bölgədə bəzi şəxslərin fəaliyyəti şiəliklə bağlı yanlış təsəvvürlərin formalaşmasına səbəb olur.

“Şiə kimi, azdan-çoxdan dini bilən adam kimi deyirəm ki, orada şiəliyin beli qırılır. Borçalıda məscidin axundu, İmam Əli məscidinin axundu və onun arxasında duranlar şiəliyi ələ salmaqla, şiəliyə nifrət yaratmaqla məşğuldurlar. Onlar bir siyasətlə məşğuldurlar”, – deyə politoloq bildirib.

Mübariz Əhmədoğlu İranın dini fəaliyyət modelini də tənqid edib, qadınlara ayrıca dini moizə və çıxışların təşkil olunması məsələsinə diqqət çəkib. O, bu yanaşmanın dini fəaliyyət deyil, siyasi məqsədlərlə əlaqəli olduğunu iddia edib.

Politoloq İran İslam Respublikasının ideoloji xəttini də tənqid edərək, ölkədə şiəlikdən daha çox xomeynçilik ideologiyasının ön plana çıxdığını bildirib.

“Orada ümumiyyətlə şiəlik yoxdur, xomeynçilikdir. Xomeyninin İslam inqilabının mahiyyəti Azərbaycana, azərbaycanlılara qarşı mübarizədir”, – deyə Mübariz Əhmədoğlu vurğulayıb.

O, Ayətullah Ruhullah Xomeyninin Nəcəfdən Fransaya, daha sonra İrana köçməsi prosesini xatırladaraq, həmin dövrdə baş verən siyasi hadisələrin məqsədləri ilə bağlı da fikirlərini bölüşüb.


Sizin reklam burada
Sizin reklam burada