İranın ali rəhbəri Müctəba Xamenei ölkədə əhali artımının sürətləndirilməsini strateji siyasətin və dövlətin gücünün əsas amillərindən biri kimi qiymətləndirib.
News365.az xəbər verir ki, Xamenei müraciətində ailə institutunun möhkəmləndirilməsinin və gənc əhalinin sayının artırılmasının vacibliyini vurğulayıb.
O bildirib ki, İranın gələcəyinin daha güclü olması üçün demoqrafik göstəricilərin həm kəmiyyət, həm də keyfiyyət baxımından arzuolunan səviyyəyə çatdırılması mühüm əhəmiyyət daşıyır.
Xameneinin sözlərinə görə, əhalinin artımı ölkənin elmi, mədəni, iqtisadi və sosial potensialının reallaşdırılmasına, yeni imkanların yaradılmasına, eləcə də xarici təhdidlərin və düşmənçilik fəaliyyətlərinin qarşısının alınmasına xidmət edir.
Ali rəhbər qeyd edib ki, arzuolunan demoqrafik göstəricilərə nail olmaq üçün ailə institutunun möhkəmləndirilməsi istiqamətində zəruri infrastruktur və şərait yaradılmalı, eyni zamanda, insanların fərdi ehtiyacları nəzərə alınmalıdır.
O, xüsusilə gənc yaşda nikahın asanlaşdırılmasının, fərdi sağlamlığın qorunmasının, uşaq dünyaya gətirən ailələrə dəstək göstərilməsinin və ailəyönümlü mədəniyyətin təbliğinin vacibliyini qeyd edib.
Müctəba Xamenei bu sahədə uğurlu nümunələrin cəmiyyətə təqdim olunmasını və əhali artımının əhəmiyyətinin, xüsusilə gənclər arasında düzgün izah edilməsini də mühüm vəzifələrdən biri adlandırıb.