Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan Qarabağdan köçmüş ermənilərə verilən yeni biometrik pasportlarda doğum yeri kimi “Azərbaycan” qeydinin göstərilməsi ilə bağlı yaranmış qalmaqallı məsələyə münasibət bildirib.
News365.az xəbər verir ki, nazir brifinq zamanı beynəlxalq standartlara əsasən, həmin pasportlarda "Qarabağ erməniləri"nin alışdıqları yer adlarının göstərilməsinin mümkün olmadığını deyib.
Qeyd edək ki, Ermənistan vətəndaşlığı almış "Qarabağ erməniləri"nin yeni biometrik sənədlərində “doğum yeri” qrafasında “Azərbaycan” yazılıb. "Qarabağ erməniləri" bu qərarla razılaşmır və beynəlxalq instansiyalara müraciət etməyi planlaşdırırlar.
Ermənistan Daxili İşlər Nazirliyinin qərarına etiraz edənlərin bir çoxu hesab edir ki, "Qarabağ erməniləri"nin pasportlarında doğulduqları yaşayış məntəqələrinin – Xankəndi (ermənilər Stepanakert iddia edirlər-red.), Xocavənd (Martuni iddia edirlər-red.), Hadrut və digər yerlərin adları göstərilə bilərdi.
Arpine Sarkisyan açıqlamasında Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 saylı sənədinə və ölkələrin, eləcə də onların inzibati-ərazi vahidlərinin kodlarını tənzimləyən ISO 3166 standartına istinad edib.
Nazirin sözlərinə görə, pasportların doldurulması prosedurları müəyyən edilərkən doğum yeri kimi həm ölkənin, həm də yaşayış məntəqəsinin adını göstərmək mümkündür. Bununla yanaşı, ISO 3166 standartları mövcuddur və həmin standartlar çərçivəsində kifayət qədər geniş toponim siyahısı təsdiqlənib.
“ICAO nümayəndələri ilə aparılan məsləhətləşmələri nəzərə alaraq, doğum yeri kimi ölkənin göstərilməsi variantını seçdik. Bəs niyə yaşayış məntəqələrinin adları qeyd olunmadı? Çünki bu toponimlərin hamı tərəfindən qəbul edilmiş adlarının müəyyənləşdirilməsi məsələsində sərhədi keçərkən problemlər yarana bilərdi.
Əgər pasportlarda ölkənin deyil, yaşayış məntəqəsinin adını göstərmək qərarına gəlsəydik, ISO standartlarına əsasən, Qarabağdan olan soydaşlarımızın qeyd etdiyi adları tapa bilməzdiniz”, – deyə nazir bildirib.
Qeyd edək ki, nazir bu fikirləri ilə pasportlarda Qarabağdakı yaşayış məntəqələrinin Azərbaycan dilində olan adlarının göstərilməli olacağını nəzərdə tutub.
Daxili işlər naziri əlavə edib ki, pasportlarda doğum ölkəsinin qeyd olunması vətəndaşların şəxsi istəyindən asılı deyil. Miqrasiya orqanları bu məsələdə konkret beynəlxalq standartları rəhbər tuturlar.