Rusiya İranı ABŞ-yə qarşı hərəkətə gətirir? – TRIPP ətrafında gərginlik

Rusiya İranı ABŞ-yə qarşı hərəkətə gətirir? – TRIPP ətrafında gərginlik
24 Noy 2026 15:20

Cənubi Qafqazda yeni kommunikasiya xəritəsinin formalaşması uğrunda geosiyasi rəqabət getdikcə kəskinləşir. Ermənistan və ABŞ-nin TRIPP layihəsinin praktiki icrasına başlaması ilə bağlı açıqlamaları isə regionun iki mühüm aktoru – İran və Rusiyanın narahatlığını yenidən gündəmə gətirib. Tehrandan səslənən sərt bəyanatlar, Moskvanın mediada ortaya qoyduğu mövqe və mümkün hərbi müdaxilə müzakirələri layihənin sadəcə nəqliyyat təşəbbüsü olmadığını bir daha göstərir.

Politoloq Natiq Miri News365.az-a açıqlamasında hesab edir ki, İranın TRIPP layihəsi ilə bağlı sərt ritorikası daha çox siyasi təzyiq məqsədi daşıyır. Onun fikrincə, Tehranın layihəyə birbaşa hərbi müdaxilə edəcəyi ehtimalı yüksək deyil.


Ekspert xatırladıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp TRIPP layihəsinin praktiki icrasına başlanıldığını elan etdikdən sonra həm Rusiya, həm də İran öz narahatlıqlarını ifadə edib. Rusiyanın “İzvestiya” qəzetində dərc olunan təhlildə Kremlin mövqeyi əks olunub, İran Xarici İşlər Nazirliyinin sözçüsü isə layihə ilə bağlı etirazlarını səsləndirib.

Natiq Mirinin sözlərinə görə, İran Ermənistanın təhlükəsizlik təminatlarına baxmayaraq, prosesi diqqətlə izləyəcəyini və sərhədləri boyunca ABŞ hərbçilərinin yerləşdirilməsi təsdiqlənərsə, müvafiq addımlar ata biləcəyini bəyan edib. İran parlamentində hərbi müdaxilə ehtimalının müzakirəyə çıxarılması da bu təzyiq siyasətinin tərkib hissəsidir.

Politoloq düşünür ki, parlamentdə səsləndirilən fərqli fikirlər Tehranın mümkün addımlarından daha çox siyasi mesaj xarakteri daşıyır. Onun qənaətinə görə, İran daxilindəki müxtəlif siyasi və güc mərkəzləri bu məsələdə fərqli mövqelər ortaya qoya bilər. Lakin bütün bunlar TRIPP ərazisinə hərbi müdaxilənin qaçılmaz olduğu anlamına gəlmir.

Miri hesab edir ki, layihə ətrafında təzyiqin əsas mənbəyi İran deyil, Rusiyadır. Moskva ABŞ-nin TRIPP boyunca müxtəlif formalarda, o cümlədən mülki strukturlar vasitəsilə iştirak edəcəyini və təhlükəsizlik məsələlərinə nəzarət imkanları əldə edəcəyini iddia edir.

Politoloqun diqqət çəkdiyi məqamlardan biri də “İzvestiya” qəzetində Moskva Universitetinin dosenti Sidorovun adı ilə yayımlanan təhlildir. Həmin materialda TRIPP layihəsinin Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına gətirib çıxarmayacağı irəli sürülür. Yazıda Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasının vacibliyi vurğulanır, eyni zamanda müxalifətin buna mane ola biləcəyi iddia edilir.

“Əsas təzyiq Rusiyadan gəlir”

Natiq Miri hesab edir ki, Moskva Ermənistan müxalifətinin mövqeyini ön plana çıxarmaqla sülh prosesinə təsir göstərməyə və regiondakı əvvəlki nüfuzunu qorumağa çalışır.

“Əsas fitnə Rusiyadan gəldi və Rusiya özü ilə bərabər İranı da bu məsələyə təhrik edir. Çünki Moskva hazırda ABŞ ilə apardığı danışıqlar fonunda birbaşa Donald Trampın qarşısına çıxmaq istəmir. Ona görə də ABŞ ilə münaqişə vəziyyətində olan İranın dili və vasitəsilə prosesi qarışdırmağa, dayandırmağa, nəticə etibarilə Rusiyanın bu prosesdə iştirakına yol açmağa çalışır. İran da hələlik Rusiyanın müəyyən etdiyi siyasi xətt fonunda hərəkət edir”, – deyə politoloq bildirib.

Ekspertin qənaətinə görə, Tehran təhlükəsizlik maraqlarını əsas gətirərək sərt mövqe nümayiş etdirsə də, Ermənistanla münasibətlərini təhlükəyə atmaq istəməyəcək. Çünki TRIPP layihəsinə hərbi müdaxilə İran-Ermənistan əlaqələrinə ciddi zərbə vura və Tehranın regiondakı mövqelərini zəiflədə bilər.

Politoloq hesab edir ki, İranın bu məsələdə əsas hədəflərindən biri də ABŞ-dir. Tehran layihə ətrafında sərt bəyanatlar səsləndirməklə Vaşinqtona siyasi təzyiq göstərmək və İranla bağlı danışıqlarda müəyyən güzəştlərə nail olmaq istəyir.

Natiq Miri ABŞ-nin İranla danışıqlarda irəli sürülən yeddi şərti qəbul etməsini real hesab etmir. Onun fikrincə, Vaşinqtonun danışıqlardan imtina etməsi və prosesin uzanması İranın dəniz blokadası ilə üzləşməsi, eləcə də gələcəkdə hərbi əməliyyatların başlanması riskini artıra bilər.

Politoloq sonda vurğulayıb ki, İran hazırkı şəraitdə əlavə təzyiq vasitələri axtarır və TRIPP layihəsi bu baxımdan əlverişli hədəf kimi görünür. Lakin Tehranın sərt ritorikası real hərbi addımla nəticələnərsə, bu, Ermənistanla münasibətlərinə ciddi zərər vura bilər. Onun fikrincə, Rusiya da yaranmış gərginlikdən istifadə edərək həm İrəvana, həm də Vaşinqtona təzyiq göstərmək, eyni zamanda regionda gedən proseslərə yenidən müdaxilə imkanları qazanmaq niyyətindədir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada