Son günlər kartof və soğanın topdansatış qiymətləri xeyli artıb. Bunun da əsas səbəbi İrandan bu məhsulların idxalının dayandırılmasıdır.
Bəs, bahalaşma daha nə qədər davam edə bilər?
Məsələ ilə bağlı “Meyvəli” topdansatış mərkəzində çalışan Elçin adlı iş adamı News365.az-a bildirib ki, İrandan artıq xeyli müddətdir ki, kartof gətirilmir:
“Hazırda əsasən Tovuz, bir az da Cəlilabad kartofu satırıq. İran və Pakistandan idxalın dayanma səbəbilə kartofun topdansatış qiyməti hazırda 0,9-1 manat arasında dəyişir. Amma bu müvəqqətidir. Qiymət qalxacaq. Çünki yerli kartof tələbatı uzun müddət ödəyə bilməyəcək. Rusiyadan da az miqdarda kartof gəlir. Onun da topdansatış qiyməti 1-1,1 manatdır. Bu da o deməkdir ki, yaxın gələcəkdə kartofun pərakəndə satış qiyməti 1,3-1,4 manata qədər qalxa bilər. Soğanın hazırkı topdansatış qiyməti 1-1,1 manatdır. Əsasən Rusiyadan gətirilir. Amma qıtlıq gözlənilir. Çünki son 7-8 ildə bu qədər soğan qıtlığı görünməyib. Ona görə də yaxın günlərdə soğan xeyli bahalaşacaq”.
News365.az