Paytaxtın bəzi ərazilərində içməli suyun qorunması və israfının qarşısının alınması ilə bağlı çağırışlar səsləndirildiyi halda, Bakıxanov qəsəbəsində suyun günlərlə küçəyə axdığı bildirilir. Sakinlər iddia edirlər ki, yaranmış qəza ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem hələ də həllini tapmayıb.
Bu barədə şikayət News365.az-ın redaksiyasına daxil olub.
Vətəndaşların müraciətində qeyd olunur ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsi 25/6 ünvanında su borusu partlayıb. Nəticədə təmiz içməli su fasiləsiz olaraq küçəyə axır və israf olunur.
Sakinlərin sözlərinə görə, qəza ilə bağlı aidiyyəti qurumlara dəfələrlə məlumat verilsə də, indiyədək əraziyə müdaxilə edilməyib. Onlar problemin uzun müddətdir davam etdiyini və vəziyyətin narahatlıq yaratdığını bildirirlər.
Müraciət müəllifləri suyun boş yerə axmasının qarşısının alınması üçün aidiyyəti qurumlardan təcili tədbir görülməsini, əraziyə qəza briqadasının göndərilməsini və nasazlığın aradan qaldırılmasını xahiş edirlər.
News365.az sakinlərin müraciətini ictimailəşdirərək aidiyyəti qurumların diqqətinə çatdırır.
News365.az

