Rusiya-Ukrayna müharibəsi ilə bağlı SENSASİON gəlişmə

Rusiya-Ukrayna müharibəsi ilə bağlı SENSASİON gəlişmə
11:00

“2027-ci ildə Ukraynada hərbi əməliyyatlar dayanacaq”.

Bunu Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov deyib.

“Qərb ölkələri Rusiyaya təzyiqi artırarsa, bu, ilin ortalarına, mövcud vəziyyət davam edərsə, ilin sonuna qədər baş verə bilər. Hətta indiki şəraitdə belə hesab edirəm ki, gələn ilin sonuna qədər Putin müharibəni bitirmək istəyəcək”, - deyə Kasyanov qeyd edib.

Onun sözlərinə görə, Putin ciddi problemlərlə üzləşməyə başlayıb:

“Hazırda maliyyə vəziyyəti nisbətən sabit olsa da, artan iqtisadi çətinliklər ilin sonuna doğru maliyyə böhranına gətirib çıxaracaq. Nəticədə Putinin müharibəni maliyyələşdirmək imkanları xeyli azalacaq”.

Sabiq baş nazir nə dərəcədə haqlıdır?

Hərbi ekspert Əfrahim Təhməzov Musavat.com-a deyib ki, Rusiyanın keçmiş baş naziri Mixail Kasyanovun 2027-ci ildə Ukraynada hərbi əməliyyatların dayandırılacağı ilə bağlı proqnozu təsadüfi siyasi bəyanat deyil:

“Bu fikrin arxasında Rusiya dövlətinin müharibə iqtisadiyyatının daşıma qabiliyyəti, Kremlin siyasi manevr imkanları və Vladimir Putinin qarşısında getdikcə daralan seçimlər dayanır. Lakin burada əsas məsələ müharibənin nə vaxt bitəcəyindən daha çox, Putinin onu hansı şərtlərlə dayandırmağa məcbur qala biləcəyidir. Çünki müharibəyə başlamaq siyasi qərar, onu davam etdirmək resurs məsələsi, başa çatdırmaq isə artıq həm hərbi, həm iqtisadi, həm də geosiyasi hesablaşmadır”.

Hərbi ekspert bildirib ki, Kreml indiyədək müharibənin qiymətini Rusiya cəmiyyətinə, büdcəyə, biznesə və gələcək nəsillərə ötürməklə vaxt qazanıb:

“Ancaq zaman keçdikcə bu strategiyanın özünün də qiyməti artır. Müharibə iqtisadiyyatı ilk baxışda iqtisadi artım görüntüsü yarada bilər. Hərbi sifarişlər artır, zavodlar işləyir, silah istehsalı genişlənir, əməkhaqları yüksəlir. Amma bu, sağlam iqtisadi inkişaf deyil. İqtisadiyyatın getdikcə daha böyük hissəsinin hərbi ehtiyaclara tabe edilməsi mülki istehsalı, investisiyaları, texnoloji yenilənməni və sosial xərcləri sıxışdırır. Ən təhlükəli məqam isə budur ki, Rusiya iqtisadiyyatı müharibəni maliyyələşdirdikcə sülhə qayıtmaq üçün lazım olan iqtisadi bazanı da zəiflədir. Kreml cəbhədə mövqelərini qorumaq üçün arxa cəbhənin gələcəyini girov qoyur. Finlandiya Bankının İnkişaf etməkdə olan İqtisadiyyatlar İnstitutunun (BOFIT) oktyabr proqnozuna əsasən, Rusiyanın iqtisadi artımının 2027-ci ildə təxminən 0,5 faizə enəcəyi gözlənilir. İnstitut büdcə kəsirinin davam edəcəyini, investisiyaların azalacağını və dövlət maliyyəsinin balanslaşdırılmasının çətinləşəcəyini bildirir. Bununla belə, ekspertlər yaxın perspektivdə tammiqyaslı iqtisadi böhranı qaçılmaz saymırlar. Deməli, Kasyanovun proqnozunun iqtisadi əsasları var, amma bir mühüm fərq nəzərə alınmalıdır: Rusiyanın iqtisadi imkanlarının zəifləməsi avtomatik olaraq müharibənin dayandırılması demək deyil”.


Hərbi ekspert deyib ki, müharibənin taleyini yalnız Moskvanın büdcə göstəriciləri ilə ölçmək olmaz:

“Ukraynanın Rusiyanın neft emalı zavodlarına, enerji infrastrukturuna və ixrac marşrutlarına uzaqmənzilli zərbələri Kremlin hesablamalarını dəyişir. Çünki Rusiyanın iqtisadi gücü təkcə neft və qaz ehtiyatlarının böyüklüyü ilə ölçülmür; həmin resursları dünya bazarına çıxarmaq, gəliri büdcəyə yönəltmək və hərbi ehtiyaclara çevirmək imkanları da həlledicidir. Kasyanovun iyulda “ABC News”a verdiyi müsahibədə də dərin zərbələrin, yanacaq qıtlığının, büdcə kəsirinin və iqtisadi çətinliklərin Putinə təzyiqi artırdığı vurğulanmışdı. Digər tərəfdən, Rusiyanın maliyyə ehtiyatları və alternativ ticarət kanalları hələ də mövcuddur. Kreml vergi yükünü artırmaq, daxili borclanmanı genişləndirmək və sosial xərcləri sıxışdırmaq imkanına malikdir. Buna görə də Qərbin sanksiyalarının nəticəsini dərhal hərbi kapitulyasiya kimi gözləmək yanlış olardı. İqtisadi qiymətin siyasi nəticəyə çevrilməsi üçün hərbi, diplomatik və iqtisadi təzyiq eyni vaxtda işləməlidir. Maraqlıdır ki, Kasyanovun 2026-cı ilin oktyabrında AFP-yə verdiyi müsahibədə səsləndirdiyi mövqe daha ehtiyatlı olub. O, Putinin müharibəni gələn il bitirəcəyinə əmin olmadığını, yüksək neft qiymətlərinin və ABŞ ilə Avropa arasındakı fikir ayrılıqlarının Kremlə əlavə manevr imkanları yaratdığını söyləyib. Bu ziddiyyət göstərir ki, müharibənin bitmə vaxtını iqtisadi göstəricilərdən başqa, beynəlxalq siyasi konfiqurasiya da müəyyənləşdirir. Moskva Qərbin birliyindəki çatlar fonunda Ukraynaya hərbi yardımın zəifləməsinə və cəbhədə daha çox ərazi əldə etməyə çalışacaq. Bununla belə, müharibənin uzanması Rusiyanın özünün geosiyasi manevr imkanlarını daraldır. Çin, Hindistan və digər tərəfdaşlarla əlaqələr Qərb bazarlarından itirilənləri qismən kompensasiya etsə də, əvvəlki iqtisadi və texnoloji mövqeyi bərpa etmir”.

Ekspertin sözlərinə əsasən, 2027-ci ili müharibənin mütləq bitəcəyi tarix kimi deyil, Kremlin qərar vermək imkanlarının ciddi sınaqdan keçəcəyi mərhələ kimi qiymətləndirmək daha doğrudur:

“Neft gəlirləri azalsa, Ukraynanın strateji obyektlərə zərbələri intensivləşsə, sanksiyalar real nəticələr versə və Qərbdə vahid mövqe qorunsa, müharibəni əvvəlki şərtlərlə davam etdirmək çətinləşəcək. Lakin avtoritar sistemlərdə iqtisadi rifahın azalması həmişə geri çəkilmə ilə nəticələnmir; hakimiyyət öz mövqeyini qorumaq üçün cəmiyyətin daha böyük hissəsini qurban verməyə hazır ola bilər. Rusiya-Ukrayna müharibəsinin nəticəsi Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasına təsirsiz ötüşməyəcək. Moskvanın zəifləməsi, Qərblə münasibətlərinin yenidən qurulması və postsovet məkanında təsir imkanlarının dəyişməsi region dövlətləri üçün yeni imkanlar və risklər yarada bilər”.( Musavat.com)


Sizin reklam burada
Sizin reklam burada