Avropa Moskva ilə təhlükəsizlik masasına oturmaq istəmir

Avropa Moskva ilə təhlükəsizlik masasına oturmaq istəmir
12:15

Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı diplomatik müzakirələr davam etsə də, Avropanın Moskva ilə münasibətlərdə mövqeyini dəyişməyə tələsmədiyi görünür. Qitə liderləri müharibədən sonrakı təhlükəsizlik modelinin Rusiya ilə müzakirə olunmasına və mövcud sistemin yenidən qurulmasına hazır deyillər.

News365.az “Politico”ya istinadən xəbər verir ki, bu barədə nəşrə danışan Avropa rəsmiləri məlumat veriblər.

Məlumata görə, Avropa ölkələri Ukraynadakı münaqişə ilə bağlı danışıqların onların iştirakı olmadan aparılmasını qəbul etmirlər. Eyni zamanda, Kiyevin NATO-ya üzvlüyü ilə bağlı birtərəfli qərarların verilməsinə və Avropanın təhlükəsizlik maraqlarına təsir göstərə biləcək yeni razılaşmaların imzalanmasına qarşı çıxırlar.

Norveçin müdafiə naziri Tore Sandvik hesab edir ki, Avropanın artıq formalaşmış təhlükəsizlik sistemi mövcuddur və onun dəyişdirilməsinə ehtiyac yoxdur.

Brüsseldə fəaliyyət göstərən Eqmont Beynəlxalq Münasibətlər İnstitutunun direktoru, professor Sven Biskop isə daha fərqli məqama diqqət çəkib. Onun fikrincə, Avropa ölkələri bütün tərəflərin ortaq qərarlar qəbul edə biləcəyi vahid təhlükəsizlik arxitekturası yaratmaq niyyətində deyillər.

Beləliklə, Ukrayna müharibəsinin dayandırılması istiqamətində mümkün razılaşmalar fonunda Avropa ilə Rusiya arasında təhlükəsizlik məsələlərinə dair fikir ayrılıqları da aktuallığını qoruyur.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada