QMİ Eçmiədzinin iddialarına cavab verdi: “Xankəndidəki tikililər qanunsuz idi”

QMİ Eçmiədzinin iddialarına cavab verdi: “Xankəndidəki tikililər qanunsuz idi”
14:36

Qafqaz Müsəlmanları İdarəsi Xankəndi şəhərində iki tikilinin sökülməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

News365.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi bəyanat yayıb.

Bəyanatda Eçmiədzin Kilsəsinin 23 aprel tarixli açıqlaması “düşmənçilik və dezinformasiya nümunəsi” kimi qiymətləndirilib.

Bəyanatda qeyd olunur ki, Azərbaycanın tarixi, dini və mədəni abidələrinin işğal dövründə uzun illər dağıdılmasına səssiz qalan Eçmiədzinin hazırda normallaşma prosesi fonunda bu cür ittihamlarla çıxış etməsi məsələnin siyasiləşdirilməsi cəhdi kimi dəyərləndirilməlidir.

Qurum vurğulayıb ki, Xankəndidə söküntüyə məruz qalan tikililər işğal dövründə qanunsuz şəkildə inşa olunub və onların aradan qaldırılması dini və ya mədəni irsin məhv edilməsi kimi təqdim edilə bilməz. Bildirilib ki, 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra bu tikililər bir müddət saxlanılsa da, son aylarda doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin müraciətləri əsasında onların sökülməsi ilə bağlı qərarlar qəbul edilib.

Bəyanatda beynəlxalq humanitar hüquqa istinad edilərək qeyd olunur ki, işğal zamanı razılıq olmadan tikilən obyektlər təyinatından asılı olmayaraq qanunsuz hesab olunur və onların sökülməsi hüquqi əsaslara söykənir.

Eyni zamanda vurğulanıb ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində yaşadığı ölkələrdən biridir. Məscid, kilsə və sinaqoqların qorunması və bərpası dövlət siyasətinin prioritetlərindəndir. Şuşada yerləşən Qazançı kilsəsinin bərpası və Bakıda erməni kilsəsinin mühafizəsi buna nümunə kimi göstərilib.

Qafqaz Müsəlmanları İdarəsi sonda bildirib ki, belə həssas dövrdə reallıqların təhrif olunması regionda sülh səylərinə zərbə vurur və bu kimi siyasi təxribatlara son qoyulmalıdır.


Sizin reklam burada
Sizin reklam burada