Günümüzdə Çin transformasiyası miqyasına və sürətinə görə əsl möcüzə hesab edilir. Bu gün Çin deyəndə dünyanın ən güclü superkompüteri, böyük alternativ enerji bazası,
innovasiya mərkəzi, ən sürətli qatarı və planetdəki ən uzun körpüyə sahib ölkə yada düşür. Müasir Çin hal-hazırda dünyanın ən böyük idxalçısı və ixracatçısı funksiyasına malikdir. Hazırda Çin elə bir mövqedədir ki, dünya siyasətində ciddi qərarlar onun iştirakı və ya ən azı “Rəsmi Pekin buna necə reaksiya verəcək?” sualına cavab almadan qəbul edilmir. Artıq hər kəs yeni dünya nizamının formalaşmasında Çinin aparıcı rola malik olduğunu qəbul edir.
Pekin–Brüssel xətti üzrə isə əlaqə birbaşa Bakı üzərindən qurulur. Rəsmi Bakı həm Qafqazın əsas siyasi və iqtisadi gücü hesab edilir, həm də Pekinin Avropa xəttində əsas qapısı kimi çıxış edir.
Azərbaycan və Çin – Oxşar tarixi yol
Hər iki ölkə soyuq müharibə dövründə ideologiyaların qarşıdurmasından əziyyət çəkmişdir. Mao Zedunun fəlsəfəsinin dağıdıcı nəticələri ölkəni sosial-iqtisadi uçuruma sürükləmişdi. 1978-ci ildə Den Syaopin kapitalizmlə sosializm arasında qızıl ortanı tutmaqla ölkəni yeni inkişaf istiqamətində hərəkətə gətirdi. Modernləşmə yolunda gedərək ideoloji zəncirləri boşaltdı, bazar mexanizmlərinə yol açdı. Nəticədə Çin düyüçülükdən kosmik sənayeyə qədər böyük bir yol keçməyi bacardı.
1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Qarabağın işğalı, qaçqın-köçkün böhranı və iqtisadi tənəzzül ilə üz-üzə qaldı. 1993-cü ildə batmaqda olan ölkənin sükanı arxasına keçən Heydər Əliyev çevik qərarlar qəbul etdi. Onun güclü mərkəz modeli və sürətli qərarvermə bacarığı situasiyanı sabitləşdirdi. “Əsrin müqaviləsi”ni reallaşdırmaqla ölkənin strateji əhəmiyyətini artırdı. Həm Den Syaopinin, həm də Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində komfortlu makroiqtisadi region yaratmaq mümkün oldu.
Körpünün ötürücülük qabiliyyəti genişlənir
Azərbaycanla Çin arasında iqtisadi əlaqələr 1993-cü ildən bu günə qədər yalnız yüksələn xətlə davam edib. Münasibətlərin son 30 ilinə nəzər saldıqda aydın olur ki, rəsmi Bakı ilə Pekin arasında heç zaman gərginlik müşahidə edilməyib. Ötən il Azərbaycan və Çin arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. Astanada imzalanan birgə bəyannamə ölkələr arasında əməkdaşlığı daha da genişləndirmək üçün yeni imkanlar açdı.
İki ölkə arasında siyasi sahədə əməkdaşlığın yüksək səviyyəsi iqtisadi göstəricilərdə də öz əksini tapır. Son rəqəmlərə əsasən, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 21% artaraq 3,7 milyard dollar təşkil edib. Azərbaycanın Çinə ixracatı hələlik məhduddur və ticarət balansı əsasən Çinin xeyrinədir. Ancaq bu kəsiri azaltmaq üçün kifayət qədər imkan və qarşılıqlı niyyət var. Ən əsası, Azərbaycan Çinlə ticarət balansındakı fərqi əsasən qeyri-neft sektorunun hesabına azalda bilər.
Məsələn, artıq Çin tərəfi qeyd edir ki, Azərbaycan istehsalı olan şərab və nar məhsulları alıcıların könlünü fəth edib. 2023-cü ildə bu sahədə xüsusi əməkdaşlıq razılaşması əldə edilib. Bu da “Made in Azerbaijan” markası ilə istehsal olunan məhsulların Çin bazarına çıxışını asanlaşdırıb. Əgər əvvəlki illərdə Azərbaycan çalışırdı ki, bu məhsulları Çin bazarına çıxarsın, bu gün artıq Çin özü ixracatın artırılmasını xahiş edir. Prezident İlham Əliyevin Çinə dövlət səfəri bu istiqamətdə sürətlənməni təmin edəcək.
Pekindən Avropaya ən qısa yol Ələtdən keçir
Geostrateji mövqeyinə görə Azərbaycan Şərq-Qərb və Şimal-Cənub istiqamətində kəsişmə nöqtəsində yerləşir. Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) son dövrlərdə strateji əhəmiyyət qazanıb. Rusiya–Ukrayna müharibəsi Şimal marşrutunu riskli edib, İran üzərindən keçən yol isə siyasi baxımdan qeyri-sabitdir. Nəticədə Orta Dəhlizə maraq artıb.
Prezident İlham Əliyevin “Sinxua” agentliyinə müsahibəsində bildirdi ki, Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 86% artaraq 378 min tona çatıb. 2024-cü ildə Çindən Azərbaycana 287 konteyner qatarı yola salınıb. Çinində dəstək verdiyi Qazaxıstan, Özbəkistan və Qırğızıstanda icra edilən dəmir yolu layihələri bu marşrutun əhəmiyyətini daha da artıracaq.
Marşurutun əlverişli olmasını göstərən fakta nəzər salaq. Çinin Sian limanından yola düşən konteyner qatarı 11 günə Azərbaycana çatır. Ümumilikdə, blok qatarlar 8-10 günə Bakıya, 12 günə Gürcüstan limanlarına yetişir. Müqayisə üçün, dəniz marşrutu ilə bu müddət daha uzun çəkir. İran ətrafında son insidentlər və Husilərin dəniz gəmilərinə hücumları dəmir yoluna keçidi daha da aktuallaşdırır.
Azərbaycan iqtisadiyyatına texnoloji dəstək
Yeni mərhələdə Azərbaycanın əsas məqsədi iqtisadiyyatın texnoloji tutumunu artırmaqdır. Yəni yalnız iş yerlərinin deyil, istehsal olunan məhsulların texnoloji dəyərinin də yüksəldilməsi hədəflənir.
Hazırda ölkəyə idxal edilən texnoloji avadanlıqların böyük hissəsi Çin istehsalıdır. Bu, Çin texnologiyasının Azərbaycan bazarında artıq ciddi yer tutduğunu göstərir. Son illərdə xüsusilə elektrik mühərrikli avtomobil və avtobuslar, eləcə də ekoloji təmiz texnologiyalar sahəsində idxalda Çin üstünlük təşkil edir.
Prezident İlham Əliyevin Çinə səfərinin əsas gündəm mövzularından biri bu sahədə əməkdaşlığın idxaldan birgə istehsala keçirilməsi olacaq. Çin şirkətləri üçün Azərbaycana investisiya cəlbedici səbəblərdən biri aşağıdakılardır:
• İşğaldan azad edilmiş ərazilərdə təşviq mexanizmləri;
• 350 milyonluq əhatə bazar (Türkiyə, İran, Rusiya, Yaxın Şərq);
• Avropa istiqamətində əlverişli logistika şəbəkəsi;
• Stabil və nisbətən ucuz enerji resursları;
• Yüksək savadlılıq səviyyəsi (təxminən 99%).
Gözlənilir ki, səfər zamanı süni intellekt, “yaşıl texnologiyalar” və İKT sahəsində yeni anlaşmalar imzalansın. Bu addımlar Azərbaycanın qeyri-neft sektorunu gücləndirməklə yanaşı, onu regionun texnoloji mərkəzinə çevirə bilər.
Nəticə olaraq, Azərbaycan–Çin münasibətləri artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, bütün Avrasiya məkanının gələcəyinə təsir edən amilə çevrilməkdədir. Bu tərəfdaşlıq Cənubi Qafqazda sülhə, sabitliyə və yeni iqtisadi fürsətlərin yaranmasına xidmət edir. Prezident İlham Əliyevin Çinə səfəri bu mənada yeni bir tarixi mərhələnin başlanğıcı olacaq. Pekində atılacaq hər bir imza yalnız bu günə deyil, həm də sabahın inkişafına xidmət edəcək.
Aqil Məmmədov, ekspert