"Azərbaycan-Çin münasibətlərinə baxdıqda ilk növbədə biz qədim İpək yolu dövründən etibarən bu günə qədər olan münasibətləri təhlil etməliyik. Bu münasibətlərin hansı şəkildə cərəyan etdiyinə nəzər saldıqda bir daha əmin oluruq ki, Azərbaycan-Çin münasibətlərinin inkişafı yalnız yüksəliş vektoru üzrə davam edir və bu gün bu münasibətlər hər iki xalqın maraqlarını ifadə edən münasibətlərdir."
Millət Vəkili Samir Vəliyev bu sözləri News365.az-a açıqlamasında deyib.
"Təbii ki, Çin dünyanın böyük ölkələrindən biridir – istər ərazi baxımından, istərsə də əhali sayına görə. Bu gün Çinlə əlaqələrin, xüsusilə də iqtisadi əlaqələrin qurulması bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan-Çin münasibətlərinin davamlılığının təmin olunması, bir mənalı olaraq, həm Azərbaycan, həm də Çin üçün, yəni hər iki ölkə üçün böyük maraq kəsb edir.
Azərbaycan üçün bu, birinci növbədə, Çinin ixrac bazarlarından yararlanmaq imkanı yaradır. İkincisi, müasir texnoloji nailiyyətlərə çıxış imkanı təmin edir. Eyni zamanda, innovasiya əsasında qurulmuş avadanlıqların Azərbaycana investisiya formasında gətirilməsi imkanı yaranır. Bu üç amil Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.
Çin üçün isə Azərbaycan etibarlı və dünyada tanınan bir tərəfdaş kimi maraq doğurur. Bilirik ki, Azərbaycan regionda iqtisadi baxımdan ən güclü ölkədir. Azərbaycan yeni reallıqlar yaratmış ölkədir və dünyada bütün məsələlərdə ən etibarlı tərəfdaş imicini əldə etmişdir. Eyni zamanda, Prezident cənab İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzu və reputasiyası xüsusi əhəmiyyətə malikdir.
Bu gün Azərbaycan Çin üçün, ilk növbədə, nəqliyyat-logistika-kommunikasiya-tranzit ölkəsi kimi xüsusi önəm kəsb edir. Çin texnoloji ixrac bazarlarına çıxış əldə etmək məqsədilə Azərbaycan vasitəsilə Çindən Avropaya və Avropadan Çinə idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün Azərbaycanı ən önəmli tərəfdaş kimi müəyyənləşdirib. Çin tərəfindən Cənubi Qafqazda məhz Azərbaycan tərəfdaş ölkə olaraq seçilmişdir ki, bu da xüsusi əhəmiyyətə malikdir.
Düşünürəm ki, gələcəkdə Zəngəzur dəhlizinin açılması nəticə etibarilə nəqliyyat-logistika, kommunikasiya və tranzit imkanlarını daha da artıracaq.
Məlumdur ki, Çin 2025-ci ilin ilk üç ayında Azərbaycana artıq 945 milyon ABŞ dolları investisiya etmişdir. Azərbaycan tərəfindən, o cümlədən Dövlət Neft Fondu vasitəsilə Çinə edilmiş investisiyaların həcmi isə 2 milyard ABŞ dollarını keçmişdir. Qeyd etmək lazımdır ki, 2024-cü ildə Azərbaycan və Çin arasında idxal-ixrac dövriyyəsi 3,7 milyard ABŞ dolları təşkil etmişdir. Bu, kifayət qədər böyük rəqəmdir və artım tempi 21% olmuşdur.
Tranzit daşımalarına gəldikdə isə, 2024-cü ildə 86% artım müşahidə olunmuşdur və bu daşımaların həcmi 380 min tona çatmışdır. Bütün bunlar onu göstərir ki, gələcək aylarda və illərdə də sabit, dinamik inkişaf edən münasibətlərin davam edəcəyinə böyük ümid var.
Samir Vəliyev həmçinin qeyd edir ki, Çin üçün də Azərbaycan yeni və sabit bir ixrac bazarıdır:
"Hazırda ABŞ, xüsusilə Tramp administrasiyası Çinin ixrac bazarlarına qarşı ticarət müharibəsi elan etmişdir və Çində bu reallığı yaxşı anlayırlar. Nəticə etibarilə, Çin yeni ixrac bazarları və yeni imkanlar axtarışındadır. Azərbaycan isə bu mənada etibarlı və istənilən məsələdə tərəfdaşlıq etməyə hazır olan bir ölkə kimi çıxış edir.
Hal-hazırda Çin Azərbaycandan nar, nar şirəsi, Azərbaycan şərabları və bir sıra kənd təsərrüfatı məhsullarını idxal edir. Hesab edirəm ki, Prezident cənab İlham Əliyevin Çinə səfəri çərçivəsində keçiriləcək müzakirələr zamanı Azərbaycan-Çin münasibətlərində idxal-ixrac əməliyyatlarının daha da genişləndirilməsi və bu sahədə spektrin artırılması məsələləri də gündəmdə olacaq."- deyə vurğulayıb.