“Azərbaycan və Çin münasibətləri yeni mərhələyə qədəm qoyur”- Sultan Zahidov

“Azərbaycan və Çin münasibətləri yeni mərhələyə qədəm qoyur”- Sultan Zahidov
14:06

"Çin və Azərbaycan əməkdaşlığı heç bir üçüncü ölkəyə qarşı yönəlməyib. Onun əsas məqsədi inkişaf, sabitlik və çoxtərəfli əməkdaşlıqdır."

Politoloq Sultan Zahidov bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Ölkə başçısının ötən günkü Çin səfəri çərçivəsində Çin Kommunist Partiyasının rəhbəri Si Cinpin ilə keçirilən görüşdə bir sıra sahələri əhatə edən mühüm sənədlər, o cümlədən ölkələr arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında birgə bəyanat imzalanıb. Bu bəyanatın iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələnin başlanğıcı olduğunu düşünürəm.

Əldə olunmuş razılaşmalar çərçivəsində viza rejiminin tam şəkildə aradan qaldırılması, nəqliyyat, infrastruktur, investisiyalar, ticarət, iqtisadiyyat, sənaye, humanitar məsələlər, elm, mədəniyyət və ədliyyə sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi nəzərdə tutulur.

Görüş zamanı eyni zamanda hökumətlərarası multimodal daşımalar üzrə razılaşma da imzalanıb. Bu razılaşma Orta Dəhliz – yəni Transxəzər nəqliyyat koridoru vasitəsilə Çindən Avropaya və əks istiqamətə mal daşımalarının sürətləndirilməsini hədəfləyir.


Qeyd etmək lazımdır ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub və bu təşəbbüs çərçivəsində Çindən sonra ən çox investisiya yatırımı həyata keçirən ölkələrdən biridir. Bu da Azərbaycanın Çin üçün xüsusi əhəmiyyət daşıdığını göstərir.


Mövcud geosiyasi şəraitdə ABŞ-ın tətbiq etdiyi ticarət rüsumları ilə qarşılaşan Çin, alternativ istiqamətlərə yönəlmək məcburiyyətindədir. Bu kontekstdə Avropa ilə əlaqələrin gücləndirilməsi Çin üçün prioritetə çevrilmişdir. Belə bir şəraitdə Orta Dəhliz və Azərbaycanın əhəmiyyəti əvəzsizdir.

Politoloq həmçinin qeyd  edir ki, Azərbaycan üçün Çin xüsusi əhəmiyyətə malikdir:

"Azərbaycan üçün də Çin dünyanın əsas siyasi, iqtisadi və mədəni mərkəzlərindən biri olaraq xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında əməkdaşlığın hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi təkcə Azərbaycan və Çinin deyil, həm də Qafqaz və bütövlükdə Avrasiya regionunun inkişafı, sabitliyi və çoxşaxəli əməkdaşlığı üçün mühüm şərait yaradacaq.

Bu əməkdaşlıq heç bir üçüncü ölkəyə qarşı yönəlməyib. Onun əsas məqsədi inkişaf, sabitlik və çoxtərəfli əməkdaşlıqdır. Həm Azərbaycan, həm də Çin beynəlxalq siyasətdə çoxtərəfliliyi dəstəklədiklərini, qarşılıqlı dəstəyin vacibliyini bir daha vurğuladılar. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və hörmətlə yanaşır. Onlar həmçinin ədalətli və çoxqütblü dünya nizamının qurulmasında maraqlı olduqlarını ifadə etdilər. Bu da iki ölkə arasında oxşar yanaşmaların və ortaq maraqların olduğunu bir daha göstərir."


Sizin reklam burada
Sizin reklam burada