Yaponiyanın "Nippon Telegraph and Telephone" (NTT) telekommunikasiya korporasiyası maraqlı dron hazırlayıb. Şirkət istifadə etdiyi dronlarda ildırım induksiyası və idarəetməsi sistemini tətbiq edib. "Toms Hardver" nəşrinin yaydığı məlumata görə, bu, dünyada ilkdir.
Bu ilin əvvəlində uğurlu sınaqlardan sonra şirkət ümid edir ki, bu cür dron şəbəkələri şəhərlərdə və əsas infrastrukturun yaxınlığında profilaktik təhlükəsizlik tədbiri kimi yerləşdirilə bilər.
NTT-nin məlumatına görə, Yaponiyada ildırım vurması insan itkiləri nəzərə alınmadan hər il 100-200 milyard yen (1,4 milyard dollara qədər) arasında ziyana səbəb olur. Ənənəvi ildırım dirəkləri isə həmişə kifayət qədər geniş əhatə dairəsinə malik olmur və ya külək turbinləri kimi onları da müəyyən obyektlərə quraşdırmaq çətindir.
Bu problemləri nəzərə alan NTT ildırım vurmalarının qarşısını almaq üçün dronlardan istifadə ilə bağlı təcrübələrə başlayıb. Sistem tufan təhlükəsini qiymətləndirmək üçün nəzərdə tutulmuş yerüstü avadanlığın monitorinqinə əsaslanır. Göy gurultulu buludlar yaxınlaşdıqda və elektrik sahəsindəki dalğalanmalar aşkar edildikdə, bir qrup xüsusi dron havaya qalxır.
Tural