Daha bir saxta həkimin xəstənin ölümünə səbəb olduğu deyilir

Daha bir saxta həkimin xəstənin ölümünə səbəb olduğu deyilir
13:43

Azərbaycanda daha bir saxta həkimin xəstənin ölümünə səbəb olduğu iddia edilir.

News365.az xəbər verir ki, bu barədə jurnalist Qənirə Ataşova danışıb. O bildirib ki, Gülsüm Əliyevanın adı Azərbaycan Səhiyyə Nazirliyinin məlumat bazasında yoxdur.

Jurnalist adı çəkilən şəxsin Türkiyə təhsil sistemindən də hər hansı bir diplom almadığını söyləyib: “Amma Azərbaycanda həkimlik edir, adının qarşısına “doktor” yazır. Xalq artistləri, ölkənin öndə gedən şou-biznes nümayəndələri və kifayət qədər ağır çəkili insanları cəlb edirlər, onların fotolarını çəkirlər və bir-iki pulsuz prosedur edib reklam edirlər. Sadə insanları beləcə aldadırlar”. 

Jurnalistin iddiasına görə, Gülsüm Əliyeva Gəncədə VMR estetik klinikasında liposaksiya əməliyyatı etdiyi Gülbəniz Bayramovanın ölümünə səbəb olub.

Q.Ataşova deyib ki, ölən şəxsi G.Əliyeva əməliyyat etsə də, sənədlərdə onun adı qeyd edilməyib.

“Gülbənizi əməliyyat edən Gülsüm olub, amma indi adı heç yerdə çıxmır. Çox qəribədir ki, hələlik bu barədə hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar da əsaslı bir nəticəyə varmayıb. 

Gülbənizi Gülsüm əməliyyat etməyibsə, hansı həkim əməliyyat edib? Əgər onu həkim olmayan insan əməliyyat edib öldürübsə, bu, artıq cəmiyyət üçün təhlükədir. Əhalimiz bilməlidir ki, hər xəstəxanaya etibar edə bilməz”. 

Q.Ataşova həmçinin Rusiya əsilli Azərbaycan vətəndaşı Zarina Minakovskaya adlı şəxsin də Gülsüm Əliyeva ilə bağlı şikayəti olduğunu deyib. O əlavə edib ki, Gülsüm həkim barədə paylaşım etməməsi üçün Z.Minakovskayaya təzyiq göstərilir.

Qeyd edək ki, bundan əvvəl Q.Ataşova Azərbaycanda fəaliyyət göstərən saxta plastik cərrahlar və kosmetoloqlarla bağlı adbaad siyahı paylaşıb.

Onun bu paylaşımı cəmiyyətdə ciddi narahatlıq doğurub. Daha sonra dövlət qurumları plastik cərrahlarla bağlı araşdırmalara başlayıb.

Son olaraq Səhiyyə Nazirliyi bir neçə gün əvvəl Xüsusi Təftiş Komissiyasının təsdiqlədiyi və plastik cərrahiyyə üzrə fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısını yayıb.



Sizin reklam burada
Sizin reklam burada