Dövlət Himninin sözləri kimə aiddir- Hacınskiyə, Cəbrayılbəyliyə, yoxsa Cavada?

Dövlət Himninin sözləri kimə aiddir- Hacınskiyə, Cəbrayılbəyliyə, yoxsa Cavada?
14:22

Azərbaycan Respublikasının Dövlət Himninin müəllifi ilə bağlı yeni müzakirələr başlayıb. Bu dəfəki mübahisə və müzakirələrin səbəbkarı fiologiya elmləri doktoru, professor Asif Rüstəmlidir. O iddia edir ki, himnimizin sözləri Əhməd Cavada deyil, Cəmo bəy Cəbrayılbəyliyə məxsusdur. O, bu barədə özünün “Cəmo bəy Cəbrayılbəyli: Həyatı və yaradıcılığı” kitabında yazıb və fikrinin sübutu üçün bir neşə faktı da təqdim edib.

Professor deyir ki,  Cəmo bəy Cəbrayılbəylinin 1918-ci ildə yazdığı “Vətənim” şeirinin ərəb qrafikası ilə ilk əlyazma versiyasını onun bacısı nəvəsi Gülsüm Əfəndizadə 1967-ci il 6 iyul tarixində Cəmo bəyin həyat yoldaşı Şəfiqə Cəbrayılbəyliyə yadigar olaraq göndərib. “Vətənim” şeiri Azərbaycan Dövlət Himninin (cüzi redaktə işi istisna olunmaqla) mətni ilə eynidir. Gülsüm Əfəndizadənin ərəb qrafikası ilə “Vətənim” şeirinin 1967-ci il əlyazma nüsxəsinin orijinalı monoqrafiya müəllifinin arxivindədir. Himn sözlərinin müəllif kimliyi haqqında müxtəlif araşdırıcılar tərəfindən 4 versiya irəli sürülüb.

Nəzərə alaq ki, Dövlət Himninin sözləri zaman-zaman gündəmə gələn və müzakirə olunan mövzulardan biridir. Məsələn bir müddət əvvəl bəstəkar Firudin Allahverdi də himnin sözlərinin şair Əhməd Cavada aid olmadığını bildirmişdi:

“Geniş kütlə Əhməd Cavadı artıq uzun müddətdir ki, dövlət himninin mətninin müəllifi kimi bilir. Amma eyni zamanda, mövzuyla maraqlanan xeyli adam da bilir ki, himnin sözlərinin müəllifi o deyil. 1919-ci ildə nəşr olunmuş “Milli nəğmələr” kitabında “Cəmo bəy” imzası ilə gedib. Çox güman ki, bu, Cəmo bəy Cəbrayılbəylidir. Necə bu mətn 1980-lərin sonu, 90-ların əvvəlində Əhməd Cavadın adına yazılıb, bu ayrı söhbətin mövzusudu – bilənlər bilir. Amma bir şey dəqiqdir: biz cəmiyyət olaraq 30 ildən çoxdur bir şairin haqqını yeyirik. Hamımız, kütləvi şəkildə”.

Nəzərə alaq ki, müstəqil Azərbaycan Respublikasının dövlət himninin layihəsi 1919-1920-ci illərdə hazırlansa da, o dövrün tarixi-siyasi hadisələri onun qanunvericilik səviyyəsində qəbuluna imkan verməyib. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin 14 Noyabr 1919-cu il tarixli (rusca) sayında Xalq Maarif  Nazirliyi tərəfindən hökumətə milli himnin və dövlət gerbinin hazırlanmasının təşkili məsələsi haqqında rəsmi təkliflərin təqdim edildiyi qeyd edilir. Məlumatda həmçinin o da bildirilir ki, Xalq Maarif Nazirliyi himnin yaradılması üçün müsabiqə elan edilməsini, müsabiqəyə himn layihələrinin 1920-ci il fevralın 1-nə  qədər təqdim olunmasını, ən yaxşı himnə görə isə 15 min rubl miqdarında mükafat verilməsini məqsədəuyğun hesab etmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər  Şurası Maarif Nazirliyinin həmin təklifinə baxaraq 1920-ci il yanvarın 30-da “Azərbaycan Respublikasının milli himni, dövlət gerbi və möhürü, hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında” qərar qəbul etdi. Hökumət qərarına görə, milli himnin, dövlət gerbi və  möhürünün hazırlanması üzrə müsabiqə elan edilməsi Xalq Maarif Nazirliyinə, hərbi ordenlər üzrə isə Hərbi Nazirliyə həvalə edildi. Həmçinin hökumət qərarı ilə milli himnin yaradılması məqsədilə müsabiqə qalibinə 50 min rubl vəsait ayrılması nəzərdə tutulmuşdu. Bu qərarı əsas tutaraq 1920-ci il fevralın 19-da Xalq Maarif Nazirliyi “Azərbaycan” (rusca) qəzetində (19 fevral 1920-ci il, № 33) milli himn, dövlət gerbi və möhürünün hazırlanması üçün müsabiqə elan etdi. Müsabiqənin şərtlərinə görə müsabiqədə iştirak edən şəxslər milli himnin layihəsini (eləcə də dövlət gerbi və möhürünün) bağlı konvertdə, həmçinin təqdim edilən layihənin  əsasını təşkil edən tarixi, milli-mənəvi, siyasi amilləri geniş şərh etməklə Xalq Maarif Nazirliyinin dəftərxanasına 1920-ci il mayın 1-nə qədər təqdim etməli idi. Bu atributların Azərbaycan İstiqlalının ikinci ildönümünədək (28 may 1920-ci il) qanunvericilik səviyyəsində qəbul edilməsi nəzərdə tutulurdu. Lakin 1920-ci ilin 27 aprel rus-bolşevik istilası  nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi və süqutu bu böyük milli ideyaların həyata keçirilməsinə imkan vermədi.

İkinci dəfə müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikasının Milli Məclisi 27 may 1992-ci ildə Dövlət Himni haqqında qanun qəbul etdi. Qanuna əsasən Himnin musiqisi Üzeyir Hacıbəyova, mətni isə Əhməd Cavada aiddir. Lakin sonrakı illərdə Himnin Əhməd Cavada aid olmaması barədə müxtəlif fikirlər səsləndi.

Tədqiqatçı jurnalist 10 il əvvəl yarı ki, Millət vəkili, xalq şairi Vaqif Səmədoğlu  Əhməd Cavadın Himnimizin mətn müəllifi olduğunu təsdiq edən faktları ortaya çıxarıb:

"İndi hər kəs bir söz danışır. Biri deyir, sözləri Cəmo bəy yazıb, başqa birisi deyir Əhməd Cavad yazıb. Hətta mətni Üzeyir bəyin özünün də yazdığını deyənlər var. Mən də fikrimi bildirim. 1968-ci ildə maestro Niyazi Türkiyədən "Azərbaycan" adlı jurnal gətirmişdi. Mənə zəng vurub bu barədə danışdı və görüşdük, o həmin dərgini mənə verdi. Bu jurnal bütövlükdə Mustafa Kamal Atatürkün vəfatının ildönümünə həsr olunmuşdu. O mərasimdə çıxış edənlən sırasında Mustafa Vəkilov da var idi. O, "Azərbaycan marş"ından da danışmışdı və jurnalın əvvəlində indiki himnimizin sözləri və notu çap olunmuşdu. Onun bəstəkarı kimi Üzeyir Hacıbəyovun, mətn müəllifi kimi isə Əhməd Cavadın adı qeyd olunub. Mən o vaxt həm o mətni köçürdüm, həm də notu. Sonra jurnalı Niyazinin özünə qaytardım. Uzun müddət sonra notu Aydın Əzimova verdim, o musiqinin üstündə işlədi”.

Nəzərə alaq ki, Himnin müəllifi deyilən 2 Cəmo bəy var. Onlardan biri Cəmo bəy Süleyman oğlu Hacınski 1888-ci ilin iyunun 14-ü Qubada doğulub. O, görkəmli maarif və mədəniyyət xadimi, publisist, naşir, Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü Mehdi bəy Hacınskinin (1879-1941) qardaşıdır. Cəmo bəy Hacınski 1912-ci ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirib. 1907-1915-ci illərdə "Kaspi" qəzetinin müxbiri və əməkdaşı olub. Cəmo bəy Hacınski 1917-ci ilin iyulunda Cənubi Qafqaz Kəndli Deputatları Şurası İcraiyyə Komitəsi sədrinin müavini seçilmiş, oradan nümayəndə kimi Rusiya Müəssislər məclisinə seçkilər üzrə Cənubi Qafqaz mərkəzi komissiyasının sədri vəzifəsinə təyin edilmişdir. Zaqafqaziya seyminin Müsəlman fraksiyasının, seym buraxıldıqdan (1918-ci il 26 may) sonra isə yeni yaradılmış Azərbaycan Milli Şurasının (1918-ci il 27 may) üzvü olmuşdur. Hacınski Milli Şuranın Azərbaycanın istiqlal bəyannaməsini qəbul edən 26 üzvündən biri idi. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanun"una (1918-ci il 19 noyabr) əsasən Azərbaycan Cümhuriyyəti Parlamentinə daxil edilmişdi. Hacınski Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsində dövlət nəzarətçisi vəzifəsini icra edib, 4-cü və 5-ci hökumət kabinələrində (1919 aprel 20 mart) Poçt və Teleqraf naziri vəzifəsində çalışıb, respublikada rabitə sahəsinin inkişafında xüsusi xidməti olmuşdur. Cəmo bəy Hacınski "Türk yurdu" cəmiyyətində Azərbaycan incəsənətindən mühazirələr oxuyub(1918), Azərbaycan və s. mətbuatında "Qubalı" imzası ilə çıxış etmişdir. Üzeyir Hacıbəyovun əsərlərinin tamaşaları, həmçinin Nəcəf bəy Vəzirov və b. haqqında məqalə və resenziyalar yazıb. "Milli nəğmələr" kitabçalarında (1919-20) şeirləri dərc olunub. O 1938-ci ilin noyabrında şimala sürgün edilir, 1942-ci ildə Kirovda dünyasını dəyişir və 1956-cı ildə SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası tərəfindən bəraət qazanır.

Bəs onun himnimizlə əlaqəsi nədədir?

Himnimizin sözləri 1919-cu ildə Bakıda ilk dəfə “Milli Nəğmələr” məcmuəsində “Vətən marşı” adı ilə çap olunub. Bu kitab Azərbaycan şairlərinin Vətən mövzusunda yazdıqları şeirlərdən ibarət toplu idi. Himnin sözləri "Cəmo bəy" imzası ilə çap olunub. Bu imza isə ADR dövründə həm parlament, həm də hökümət üzvü kimi fəaliyyət göstərmiş publisist və şair Cəmo bəy Hacınskiyə məxsusdur.

Göründüyü kimi hər 3 versiya inandırıcı gəlir. Amma Dövlət Himnimizin mətninin sözlərinin kimə aid olması barədə fikir söyləmək çətindir. Müəllifin kimiliyini sübut etməksə tədqiqatçıların işidir. Amma bu iş bir tərəfli yox, bütün maraqlı tərəflərin iştirakı ilə aparılmalıdır.

News365.az-ın Analitik qrupu


Sizin reklam burada
Sizin reklam burada