"Çin xalqının faşizm üzərində qələbəsini qeyd etməsi və Azərbaycan xalqının da bu qələbədə iştirakını xatırlaması ortaq dəyərlər formalaşdıran təmas nöqtələrindən biridir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bu sözləri News365.az-a deyib.
"Azərbaycan Prezidentinin Çinə səfəri Çin və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsi kontekstində olduqca mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Çin bu gün münasibətlər sistemində həm geostrateji, həm də iqtisadi baxımdan dünyanın əsas güc mərkəzlərindən birinə çevrilməkdədir. Çinin həyata keçirdiyi qlobal kommunikasiya layihələri coğrafi baxımdan Azərbaycan üzərindən qərbə doğru uzanır. Buna görə də Çin-Azərbaycan münasibətlərinin çox böyük perspektivləri və gələcəyi var. Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin Azərbaycan Prezidentini Çinin və özünün böyük dostu kimi qiymətləndirir. Mənə elə gəlir ki, Çin-Azərbaycan münasibətlərinin xarakterini və gələcək perspektivlərini anlamaq üçün bu qiymətləndirməyə diqqət yetirmək kifayətdir.
Bu gün Çin Qlobal Cənubun ağırlıq mərkəzidir. Dünya iqtisadiyyatı getdikcə daha çox birbaşa və dolayısı ilə Çin iqtisadiyyatına bağlı hala gəlməkdədir. Azərbaycanın yerləşdiyi Avrasiya coğrafiyasında da Çinin mövqeyi bir çox məsələlərin həllində həlledici rol oynayır. Bu məsələlərin başında siyasi maraqları da əhatə edən iqtisadi maraqlar və yeni iqtisadiyyatın təşkili dayanır. Yeni sənaye inqilabı kontekstində Çin iqtisadiyyatı bu inqilabın önündə gedən iqtisadiyyatdır – həm müasir texnologiyaları, həm innovativ yanaşmaları, həm də sənayenin yeni coğrafi mərkəzlərdə yenidən təşkili ilə.
Buraya sənayenin müxtəlif sahələri, eyni zamanda sənaye iqtisadiyyatının bazasını təşkil edən yaşıl enerji daşıyıcıları məsələsi də daxildir. Bu perspektivlərin qiymətləndirilməsi Çin-Azərbaycan münasibətlərinin inkişafı üçün böyük imkanlar açır.
Əlbəttə ki, “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində Çin-Azərbaycan münasibətlərinin Mərkəzi Asiyadan Avropaya qədər uzanması yeni maraq dairələri formalaşdırır. Lakin iqtisadi və siyasi münasibətlər bu tərəfdaşlığın iki əsas komponenti olsa da, mənəvi, humanitar və mədəni dəyərlər də bu münasibətlərin cəmiyyət səviyyəsində təməlini təşkil edən mühüm komponentlər kimi çıxış edir.
Əgər nəzərə alsaq ki, Azərbaycan ədəbiyyatında hələ XII əsrdə Çin obrazı yaranırdısa dahi Nizami Gəncəvinin əsərlərində yeddi gözəldən biri müdrik Çin qızı kimi təsvir olunurdusa, Azərbaycan fəlsəfi fikir tarixində Konfutsi obrazı dururdusa demək ki, Çin və Azərbaycan münasibətlərinin çox dərin bir keçmişi var. Bu baxımdan qarşıdakı inteqrasiya prosesində bu dəyərlərin inkişaf etdirilməsi vacib şərt kimi ortaya çıxır.
Eyni zamanda Çin xalqının faşizm üzərində qələbəsini qeyd etməsi və Azərbaycan xalqının da bu qələbədə iştirakını xatırlaması ortaq dəyərlər formalaşdıran təmas nöqtələrindən biridir. Təsadüfi deyil ki, Çin rəhbərliyi Azərbaycan Prezidentini bu tədbirə dəvət edir. Yalnız dost ölkələrin liderləri belə tədbirlərdə iştirak üçün dəvət olunur. Bu isə o deməkdir ki, Çin-Azərbaycan münasibətləri artıq təkcə rəsmi, iqtisadi və siyasi maraqlarla məhdudlaşmır, həm də ortaq mənəvi dəyərlər əsasında formalaşan yeni humanitar komponentlərə söykənməyə başlayır. Bu isə olduqca vacib məqamlardan biridir.