“Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ümummilli Liderimiz Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır”.
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev News365.az-a deyib.
Onun sözlərinə görə, 1990-cı ildə Azərbaycan
olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir
dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına
da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb
siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Həmin dövrdə Naxçıvan Muxtar
Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı,
hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini
olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin
fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və
Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. 1991-ci il sentyabrın 3-də
Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada
deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə
Ulu Öndərin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını
qoydu. Müharibənin davam etdiyi, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi
durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ulu Öndər Heydər
Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində
Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.
Deputat bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il
noyabrın 17-də keçirilən sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü
Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli
bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət
qaldırmışdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılıb və Azərbaycan
Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”
Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan edib.
Millət vəkili deyib ki, həmin dövrdə Ulu Öndər Heydər
Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin
yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər
görüldü. Aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə
xüsusi işlər həyata keçirildi. Eləcə də, Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa
və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar quruldu. Blokada şəraitində olan
muxtar respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün
regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə
mühüm addımlar atıldı.
“Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın
3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil
Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.
Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər,
atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini
və həmrəyliyini təmin etmiş oldu. Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində
işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət
uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında qərarın qəbul
edilməsi xüsusi əhəmiyyətə malikdir. Bütövlükdə, Ulu Öndər Heydər Əliyevin həm
SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə
xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin
olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər
görülüb”- deyə, Samir Vəliyev vurğulayıb.