"Sülh sazişinin imzalanması istiqamətində atılacaq addımlarda Azərbaycan tərəfindən qoyulan ən vacib şərtlərdən biri Ermənistan Konstitusiyasının dəyişdirilməsi idi. Bu məsələ zaman-zaman həm Ermənistan parlamentində, həm də müxtəlif siyasətçilər tərəfindən gündəmə gətirilsə də, artıq Paşinyanın özü də bunun mütləq olduğunu açıq şəkildə dilə gətirib."
Milli Məclisin deputatı Arzu Nağıyev bunu News365.az-a açıqlamasında deyib.
"Burada əsas məqam ondan ibarətdir ki, hazırda təkcə Rusiyadan gələn yollar deyil, həm də Ermənistanın iqtisadi və ümumi prosesləri diversifikasiya etmək, müxtəlif istiqamətlərə yönəltmək məsələsi prioritet hesab olunur. Yəni, açıq şəkildə ifadə etməsə də, bu prosesin Azərbaycan tərəfindən tələb edildiyi məlum məsələdir. Eyni zamanda, burada Türkiyənin adı hallanır, Türkiyənin və Azərbaycanın ərazi bütövlüyü əsas götürülür.
Əvvəlcə bu məsələnin Konstitusiya Məhkəməsində həll olunacağı bildirildi, daha sonra parlament səviyyəsində referendum variantı müzakirə edildi, indi isə bəzi siyasətçilər bunun referendum keçirilmədən də mümkün olduğunu deyirlər. Yəni, bu kimi problemlər var və düşünürəm ki, Paşinyan təkcə Avropa inteqrasiyasına deyil, eyni zamanda Azərbaycanla hesablaşmağa məcbur olaraq bu addımları atmağa çalışır."- deyə vurğulayıb.