"Paşinyan Amerikada özünü "sülh göyərçini" kimi göstərir"- Aydın Quliyev

"Paşinyan Amerikada özünü "sülh göyərçini" kimi göstərir"- Aydın Quliyev
15:32

Son dövrlərdə Ermənistanın baş naziri Nikol Paşinyan beynəlxalq arenada özünü sülh tərəfdarı kimi təqdim etməyə çalışır. O, çıxışlarında elə bir rəy formalaşdırmağa cəhd edir ki, guya bölgədə sülhü istəyən, təşəbbüs göstərən əsas tərəf Ermənistandır.

Halbuki reallıq tamamilə fərqlidir. Əgər doğrudan da Paşinyanın sülh ritorikasına qulaq asan dairələr obyektiv yanaşsaydılar, belə bir sual verməli idilər:

Əgər Ermənistan sülhü bu qədər çox istəyirsə, niyə indiyə qədər bu prosesdə əldə olunmuş bütün nailiyyətləri öz adına çıxarmağa çalışır? Niyə bu yolda Azərbaycanın rolunu qeyd etmir?

Mövzu ilə News365.az-a bağlı politoloq Aydın Quliyev danışıb. 

"Həqiqət budur ki, əgər sərhədlərin delimitasiyası istiqamətində addımlar atılıbsa, sülh müqaviləsinin məzmunu hazırlanıbsa və onun prinsipləri müəyyən edilibsə, hətta müqavilədəki 17 maddədən 15-i razılaşdırılıbsa, bu, tamamilə Azərbaycanın qətiyyətli mövqeyi və ardıcıl fəaliyyəti sayəsində mümkün olub. Ermənistan isə bu proses boyu yalnız Azərbaycana maneə yaratmağa çalışıb.

İndi isə Paşinyan ABŞ-da özünü bölgədə sülhün əsas müdafiəçisi kimi göstərməyə çalışır. O, elə təsəvvür yaratmağa cəhd edir ki, guya bölgədə sülhə mane olan tərəf Azərbaycan və Türkiyədir. Üstəlik, Türkiyəni də bu kontekstə daxil etməklə, özünün regionda təcrid olunmuş vəziyyətdə qalmasının məsuliyyətini bu iki dövlətin üzərinə atmaq istəyir.

Paşinyan daha bir maraqlı fikir səsləndirərək bildirir ki, Ermənistan dörd ölkə ilə sərhədə malikdir, bunlardan ikisi ilə - İran və Gürcüstanla münasibətlər nisbətən yaxşıdır, lakin sərhədlərin tam açılması üçün müəyyən maneələr mövcuddur. O, burada konkret səbəbləri açıqlamasa da, Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı qalmasını xüsusi vurğulayır və bunun Ermənistana böyük çətinliklər yaratdığını bildirir.

Politoloq qeyd edir ki, Paşinyanın məqsədi  Azərbaycanın guya sülh prosesinə mane olan tərəf kimi göstərməkdir:

"Paşinyan dünya ictimaiyyətinin diqqətini bu məsələyə cəlb edərək, Azərbaycanın guya sülh prosesinə mane olduğu fikrini formalaşdırmaq və eyni zamanda, Türkiyə ilə yeni danışıqlar mərhələsinin açılması üçün beynəlxalq təzyiq yaratmaq. Lakin reallıq tamamilə fərqlidir – bölgədə sülhün əsas təşəbbüskarı məhz Azərbaycandır, Ermənistan isə uzun illər boyu bu prosesi ləngidən və müxtəlif manipulyasiyalarla öz maraqlarını önə çəkməyə çalışan tərəf olub."


Sizin reklam burada
Sizin reklam burada