Azərbaycan Pakistanla investisiya istiqamətində əməkdaşlığın inkişafı və müxtəlif sahələrə aid birgə layihələr üçün imkanları müzakirə edib.
Bu müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin Bakıda səfərdə olan Pakistan İslam Respublikasının özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xanla keçirdiyi görüşdə baş tutub.
Görüşdə vurğulanıb ki, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan münasibətləri inkişaf edir. Bu kontekstdə iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial var. Pakistanla qarşılıqlı ticarət əməkdaşlığının möhkəmləndirilməsi mühüm xarakter daşıyır.
Bildirilib ki, ölkələr arasında imzalanmış Preferensial Ticarət Sazişi bu sahədə işbirliyinə töhfə verəcək.
Tərəflər gündəlikdə olan əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.