Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 15-də Bakıda keçirilən beynəlxalq tədbirlərdəki çıxışı ölkənin milli kimliyi, tarixi yaddaşı, Türk və İslam dünyası ilə əlaqələri, eləcə də Qarabağ məsələsinə dair mesajları ilə diqqət çəkib. Dövlət başçısı Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, TDT-nin müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
News365.az xəbər verir ki, politoloq Züriyyə Qarayeva Prezidentin çıxışını şərh edərkən bildirib ki, burada Azərbaycanın tarixi-mədəni irsi ilə yanaşı, ölkənin Türk dünyası və Qafqazdakı mövqeyi də ön plana çıxarılıb.

Onun sözlərinə görə, Azərbaycanın dünya mədəniyyətinə verdiyi töhfələrin xatırladılması milli irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətlidir.
“Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi dahi şəxsiyyətlərə diqqət çəkilməsi xalqımızın yalnız siyasi və hərbi deyil, həm də böyük mədəni-intellektual potensiala malik olduğunu göstərir. Bu irsin təbliği milli özünüdərkin möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycanın zəngin sivilizasiya mərkəzi kimi tanıdılmasına xidmət edir”, – deyə politoloq qeyd edib.
Züriyyə Qarayeva hesab edir ki, Azərbaycanın həm Türk dünyasının, həm də Qafqazın bir hissəsi olması ölkənin regional mövqeyinin əsas xüsusiyyətlərindəndir.
“Azərbaycan Türk dünyasının coğrafi əlaqələndiricilərindən biri olmaqla yanaşı, Qafqazda siyasi sabitliyin və regional əməkdaşlığın formalaşmasında mühüm rol oynayır. İslam həmrəyliyi istiqamətində həyata keçirilən siyasət də Azərbaycanın xarici və mədəni siyasətinin mühüm istiqamətlərindən biridir”, – deyə o bildirib.
Politoloq Prezidentin Qarabağla bağlı fikirlərini çıxışın əsas siyasi mesajlarından biri kimi qiymətləndirib. Onun sözlərinə görə, işğal dövründə Azərbaycan ərazilərində yaşayış məntəqələri və dini-mədəni abidələrə ciddi ziyan vurulub.
“Qarabağda məscidlərin dağıdılması və mədəni irsin məhv edilməsi ilə bağlı faktlar Azərbaycan cəmiyyətinin tarixi yaddaşında mühüm yer tutur. Prezidentin bu hadisələrin unudulmaması ilə bağlı fikirləri tarixi həqiqətin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətlidir”, – deyə Qarayeva vurğulayıb.
Onun fikrincə, Prezidentin çıxışında beynəlxalq münasibətlər sistemindəki yanaşmalara dair səsləndirilən fikirlər də diqqət çəkir.
“Azərbaycan uzun illər ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması və beynəlxalq hüququn tətbiqində ikili standartların mövcudluğu məsələsini gündəmə gətirib. Bu baxımdan Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin siyasi tarixində mühüm hadisədir”, – politoloq deyib.
Züriyyə Qarayeva hesab edir ki, Qarabağda əldə olunan nəticələr yalnız hərbi uğurla məhdudlaşmır. Onun sözlərinə görə, hazırda əsas istiqamətlərdən biri azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış prosesinin davam etdirilməsidir.
“Yeni şəhərlərin və kəndlərin salınması, məktəblərin, xəstəxanaların, yolların və digər infrastrukturun yaradılması Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın sosial-iqtisadi həyatına inteqrasiyasını sürətləndirir. Azərbaycan eyni zamanda regionda uzunmüddətli sülhün təmin olunmasında maraqlıdır”, – deyə politoloq bildirib.
Qarayeva vurğulayıb ki, tarixi yaddaşın qorunması ilə sülh prosesinin dəstəklənməsi bir-birinə zidd deyil.
“Sülh tarixi həqiqətlərin üzərindən xətt çəkilməsi deyil. Əksinə, keçmişdə baş verənlərin düzgün qiymətləndirilməsi və gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün təminatların yaradılması sülhün dayanıqlılığı baxımından vacibdir”, – deyə o əlavə edib.