Növbəti münaqişə ocağı bilindi- Tural İrfan yazır

Növbəti münaqişə ocağı bilindi- Tural İrfan yazır
07 Yan 2025 09:46
Mart ayına qədər Yəməndə qarışıqlıq gözlənilir. Yanvarın 20-dən sonra ABŞ - nin yeni seçilmiş prezidenti Donald Trampın rəsmi fəaliyyətə başlaması ilə İsrail və Qərb dairələrinin Yəmənin daxilindəki müxalif qrupları hərəkətə keçirməsi uzun çəkməyəcək. Daxildə çaxnaşma yaratmadan kənar hərbi müdaxilə ehtimalı azdır. Məlumdur ki, İranın proksi qüvvələrindən olan Yəmən Husilərini susdurmaq Hizbullahla savaşdan daha çətin ola bilər. İsrailin Hizbullaha daxildən vurduğu zərbə içinə sızması ilə baş vermişdi və peycer cihazlarının onlara ötürülməsi İrandakı İsrail agenturasının əli ilə həyata keçirilmişdi. Lakin öldürülən liderlərin yerinin öyrənilməsi, koordinatların ötürülməsi isə Hizbullahın Suriyada savaşdığı zaman orada üzvlüyə qəbul etdiyi Əsəd rejiminin adamlarının əli ilə baş verdi. Bu da məlum oldu ki, Əsədin şəxsən özünün İsrail kəşfiyyatı ilə, "Musa" kod adlı şəxslə əlaqə saxlayırmış, hətta son anda Rusiyaya qaçarkən strateji nöqtələrin kordinatlarını da votsap vasitəsi ilə İsrailə ötürməyi unutmamışdı ki, İsrail də fürsət vermədən həmin nöqtələri dərhal bombaladı.
Beləliklə Hizbullahın sabiq lideri Həsən Nəsrullah son anda özünün tələyə salınmasında Əsədin və İranın rolunu tam anladı. Bir qədər əvvəl Həmas lideri Haniyənin yastığına bomba yerləşdirilərək İran və İsrail kəşfiyyatının müştərək rolu nəticəsində Tehranda aradan götürülməsi onu məsələdən tam agah etmişdi. Çünki İrana daha radikal və ərəb ölkələri ilə Haniyə qədər münasibəti olmayan Yahya Sinvar sərf edirdi. Nəticədə Haniyəni aradan götürüb Sinvarı gətirdilər. Onun da aradan getməsinə zəmin yaratdılar. İsrail Haniyəni götürmək istəsəydi İrana səfər edənə qədər yaşadığı Qətərdə də öldürə bilərdi. Həsən Nəsrullahın İrana sığınmaq dəvətini qəbul etməyib ölümü seçməsi də, Əsədin İrana deyil, Rusiyaya sığınması da təsadüf deyil. Əsəd son anda Suriyanı məhz İsrailin işğal etməsini arzu edib və kordinatları da bu məqsədlə ötürüb.
Bu günlərdə Suriyanın yeni lideri Əhməd əş Şara bəyan etdi ki, əgər 2 saat da geciksəydilər İsrail Suriyaya daxil olacaqdı. O qeyd edib ki, özlərində buna dair kəşfiyyat məlumatları olub. Fəqət Dəməşqə yürüş başlayan zaman Türkiyənin ciddi şəkildə işin içində olduğunu görən İsrail sadəcə Əsədin verdiyi nöqtələri buraraq irəli getmədi. Ancaq əvvəl ehtimal etmişdi ki, Türkiyə yox, İran Əsəd rejimi ilə onunla savaşacaq və o da bunu bəhanə edib Suriyaya daxil olacaq. Ancaq Türkiyənin həlledici himayəsi buna imkan vermədi.
Rusiya Prezidentinin Əsədə verdiyi sığınacağın narahat olması da əslində Əsədin Rusiyaya da fırıldaq gəlmiş olmasının üstünün açılmasıdır. Gah həyat yoldaşı boşanma davası açıb Britaniyaya getmək istəyir, gah zəhərlənir...
Suriyada Rusiya, ABŞ, İran və başqaları xalqı və rejimi istifadə edərək qanlı oyunlar oynadı, amma sonda Türkiyənin müdrik siyasəti nəticəsində hamısı boşa çıxdı və ifşa oldu.
Yəmən də bu cür olacaq. Amma fərqli şəkildə. İran "Şiə hilalı" kod adı ilə əslində keçmiş Sasani sərhədlərini bərpa etmək istəyir. Amma unudur ki, o sərhədlər ən son Türkiyənin varisi olduğu Osmanlı sərhədləridir. Sasanilər Bizansla çarpışma zəminində fasilələrlə 200-250 il o torpaqların bir hissəsini işğal edib, qədim Bizans, ərəb mədəniyyətlərini silib ərazilərinə qatmışdısa, Osmanlı bütünlükdə 500-600 il o coğrafiyada hakim olub, mədəniyyət qurub. O coğrafiyanın əhalisini Osmanlıya ən vacib amil, din bağlayıb. Lakin Sasanilər keçmişdə qaldığı üçün din fərqli idi, ərəb coğrafiyalarında davamlı qala bilməmələrinin də o dövrdə ən başlıca səbəbi bu idi. Amma indiki İran şübhəsiz ki, İslamı açıqdan inkar edərək həmin ərazilərə göz dikdiyini deməz. Şübhəsiz ki, fərqli, ideoloji keçid siyasi xətti meydana gətirib ki, bunun da adını məzhəbçilik qoyub. Lakin əslində bu məzhəbçilikrən daha dərin və daha ciddi və təhlükəli ideologiyadır. Əhli Beyt yolu tam fərqlidir və siyasi yox, mötədil dini, mənəvi əsaslara söykənir. İranın təqdim etdiyi isə Sasani kimliyinin bu ad altında gizlənməsidir.
Yəmən Husilərini kəməndə salaraq bu ideologiyanın qurbanına çeviriblər. Ancaq Oman və Səudiyyə Ərəbistanı Türkiyə ilə Yəmən məsələsinə əl qoymalıdır. Əks halda İsrail Husiləri bəhanə edib Yəmən xalqına qarşı bombalama siyasətinə rəvac verəcək. Husilərin İsrailə atdığı hipersonik raketlər cüzi dağıntıdan savayı heç bir təsir etmir. Əksinə İsraili daha da barışmaz edir, təzə torpaqlara daxil olmasına şərait yaradır. Habelə ABŞ və İsrailin Yəməni də vuran etməsinə zəmin hazırlayır.
İsrailin Suriya, Yəmən, Fələstin, hətta İraqı belə vuran etməsi İrana sərf edir. Çünki nüvə silahı düzəltmək üçün fürsət əldə edir və İrana mümkün hərbi müdaxilə təxirə düşür. İranın nüvə silahına sahib olmasına izn verib verməmək məsələsində ABŞ və digər Qərb ölkələri arasında ikifikirlik var. Məsələn, İsrail qəti olaraq bunun əleyhinədir. Amma Fransa və ABŞ - nın müəyyən siyasi dairələri bunu mümkün görür. Çünki İranın həmin silahla təhdid edib real təhlükə yaradacağı yalnız müsəlman ölkələri, Əfqanıstan, Pakistan, Türkiyə, indiki Suriya və s. olacaq. Sünni - şiə balansını müsəlman dövlətləri arasında bu yolla tarazlamağı düşünənlər də var.
Hətta Haniyənin, Hizbullah liderlərinin öldürülməsindən sonra İranın İsrailə raket hücumu ilə cavabının ləngiməsinin səbəblərindən biri də Cozef Beyden administrasiyasının, bu hücumu həyata keçirməməsi qarşılığında İrana nüvə silahı düzəltmək fürsəti tanıması vədi idi. Ən azı bunu ciddi Qərb mətbuatı yazırdı.
Tural Irfan, MCP-nin sədr müavini

Youtube kanalımız