"Ölkəmiz yeni dünya nizamının formalaşması prosesinin fəal iştirakçısı olmalıdır" Deputat

"Ölkəmiz yeni dünya nizamının formalaşması prosesinin fəal iştirakçısı olmalıdır" Deputat
08 Yan 2025 17:44

2025-ci ilin ilk ayının birinci ongünlüyündə prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin iqtisadi inkişafı və sosial siyasətinə dair mühüm mesajlar verdi. Prezidentin qeyd etdiyi kimi, 2025-ci ilin büdcəsi rekord səviyyədədir və bu, Azərbaycan iqtisadiyyatının daxili resurslar və düzgün idarəetmə sayəsində əldə etdiyi böyük nailiyyətdir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur, bu isə Azərbaycanın iqtisadi potensialını əks etdirir. Həmçinin, minimum əməkhaqqı və pensiya artımları da sosial sahənin inkişafını vurğulayan mühüm addımlardır.

Bunu Milli Məclisin Deputatı Vüqar Rəhimzadə bildirib.

Deputat Prezidentin iqtisadi islahatlar və beynəlxalq reytinqlərdəki müsbət dəyişikliklərə diqqət çəkdiyini qeyd edib. Millət vəkili qeyd edib ki, ölkəmizdə  aparılan iqtisadi islahatlar, şəffaflıq, xarici sərmayələrin cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində  beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişikliyin şahidi oluruq: 

"Azərbaycan  beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, ölkəmizin beynəlxalq reytinqi indikindən daha yüksək səviyyəyə layiqdir və müəyyən səbəblər üzündən hələ ki, aparıcı reytinq agentlikləri daha da təvazökar yanaşmanı sərgiləyirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan  iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilib,  bu il və gələn illərdə bu dinamika saxlanılacaq".

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın həm iqtisadi inkişafının, həm də beynəlxalq nüfuzunun əsas göstəricilərindən biri kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 sözügedən müsahibədə əsas diqqət göstərilən məsələlər sırasında oldu.  Reallıq budur ki, COP29 böyük bir çağırış idi: 

“Yaşıl dünya naminə həmrəy olaq!” çağırışını edən Azərbaycan dünyanı Bakıya toplamaqla növbəti uğur hekayəsini yazdı. Azərbaycan hər zaman çoxtərəfliliyin tərəfdarı kimi tanınır. Yeni əməkdaşlıq formatlarının yaradılması, ölkələr arasında əməkdaşlıq körpülərin qurulması Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biridir. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində onu da vurğuladı ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət ölkəmizə  körpülər qurmaqda yardımçı olacaq.  Bu reallıq da diqqətə çatdırıldı ki,  COP-a  ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin Azərbaycan  bunun da öhdəsindən gələ bildi. Boykot uğursuz oldu. Baxmayaraq ki,  bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. “Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu” söyləyən Prezident İlham Əliyev  səksən dövlət və hökumət başçısının Bakıya səfərini Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsinin nümayişi kimi qeyd etdi. Bu tədbir  Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi".

Milli Məclisin deputatı müsahibədə diqqət göstərilən məsələlərdən biri kimi Ermənistanın silahlandırılmasından da bəhs edib. Bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Ermənistanda gedən silahlanma prosesi  Cənubi Qafqaz üçün yeni təhdid amilidir: 

"Azərbaycan  sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilməz. Bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki,  2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər,  Azərbaycan bu imkanları verməyəcək.  Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək. Müqayisə üçün qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərclənəcək. Ermənistanın silahlanma yarışı maliyyə resurslarımızı  hərbi məsələlərə cəlb etməyə məcbur edir. Ermənistan silahlanma yarışında ölkəmizlə  rəqabət apara bilməz".

Vüqar Rəhimzadə hazırkı dövrün reallıqları fonunda Azərbaycanın regionda və dünya siyasətində yerini və rolunu, ümumi mənzərəsini təqdim edib. Bildirib ki, ölkəmiz Cənubi Qafqazda  söz sahibidir. Prezident İlham Əliyevin  qeyd etdiyi kimi,  Azərbaycan regionda  aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir: 

 "Ölkəmiz yeni dünya nizamının formalaşması prosesinin fəal iştirakçısı olmalıdır. Yeni nizamı  ədalətli nizam kimi görürük. Suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək, bütün bunlar  xarici siyasət xəttimizdir. Azərbaycan öz siyasəti ilə  Cənubi Qafqazda yeni nəqliyyat və energetika xəritəsini yaradıb. Dövlətimizin başçısı İlham Əliyev bu mənzərəni belə təqdim etdi ki, bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya uzanır, bir tərəfimiz Avropaya və bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir. Ölkəmiz  yeni dünya nizamına öz töhfəsini  əməlləri ilə  verir. Yaxın və orta keçmişə nəzər salsaq görərik ki, dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmayıb. Müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı da o qədər də çox deyil".

Millət vəkili qeyd edib ki, sözügedən müsahibədə  dövlətimizin başçısı İlham Əliyevin hər bir fikri gələcəyə yönələn çağırışdır:

"Qlobal problemlərin həllinə öz töhfələri ilə diqqətdə olan Azərbaycanın bu çağırışı da səsləndirildi ki, əgər hər bir ölkə öz daxili işləri ilə məşğul olsa, onda nə müharibə, nə münaqişə, nə qarşıdurma olacaq. Hərə öz sərhədləri çərçivəsində öz işi ilə məşğul olsun və başqa ölkələrin daxili işlərinə qarışmasın. Bəlkə də belə bir dünya fantastik görünür. Çünki tarixən imperialist qüvvələr “böl və hökm sür” prinsipi ilə yanaşmışlar, müstəmləkələri tamamilə idarə edərək onların bütün sərvətlərini oğurlayıb özləri üçün dövlətlər qurmuşlar. Müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır. Ölkələrin suverenliyi toxunulmaz olmalı və qorunmalıdır, heç kim heç kimin işinə qarışmamalıdır. Azərbaycan buna nail ola bilib. Bu baxımdan Azərbaycanın yeni dünya nizamının formalaşmasına töhfəsi əhəmiyyətli olacaq".


Youtube kanalımız