Səma qəhrəmanları

Səma qəhrəmanları
28 Dek 2024 23:16

        Dekabrın 25-i, səmanın qaranlıq küncündə parlaq ulduzların sönməsi kimi, Bakıdan havaya qalxan Azərbaycan Hava Yollarının J2-8243 nömrəli reysi də sönən bir işıq oldu. Göyə doğru yüksələn bu təyyarə, içində sevinc və ümid dolu 67 ürəklə yola çıxmışdı. Hər biri sevdikləri ilə qovuşmaq, yeni üfüqləri kəşf etmək üçün bu səfərə çıxmışdı. Lakin, bu ümidlər qaranlıq səmada soldu.Təyyarə, Qroznı hava limanında pis hava şəraitinə görə yolda istiqamətini dəyişərək, əvvəlcə Mahaçqalaya, sonra isə Qazaxıstanın Aktau şəhərinə yönəldi. Lakin, bu ümid dolu səfər məcburi enişə çevrildi və daha sonra faciə ilə nəticələndi. Saat 8:35-də ekipaj tərəfindən verilən "SOS" siqnalı, bu uçuşun dönüş nöqtəsi oldu. Qəza siqnalı ilə başlayan bu mücadilə, saat 10:28-də, təyyarənin yerə çırpılması ilə sonlandı.
Bu anlarda, göy üzündəki hər bir ulduz sanki  göz yaşı tökürdü. Təyyarənin yerə çırpılması, sağ qanadının yerə dəyib çevrilməsi və ardınca baş verən partlayış, bu dəmir quşun son nəfəsini çəkdiyi anlar idi. Yanğın, təyyarəni iki böyük hissəyə böldü,  quyruq hissəsi əsas dağıntılardan uzaqda başıaşağı dayanaraq, bu faciənin şahidi oldu.
     Qəzadan sonra dekabrın 26-da Azərbaycanda matəm elan edildi. Bu matəm günlərində, hər bir evdə sükut çökmüş, göz yaşları susmamışdı. Təyyarənin göyərtəsi  62 sərnişin və 5 ekipaj üzvündən ibarət idi. Hazırda 38 nəfərin öldüyü məlumdur, 29 nəfər xəsarət alıb. Bu qəzadan sağ çıxanlar, fiziki yaralarla yanaşı, ömür boyu daşıyacaqları psixoloji izlərlə də qarşı-qarşıyadırlar. Hər biri, bu acı xatirəni daim ürəklərində daşıyacaq və bu qəza onların həyatlarında unudulmaz bir iz buraxacaq.
     Faciənin qaranlıq anlarında, stüardessa Hökümə Əliyeva sərnişinlərə təsəlli verdi: “Hər şey yaxşı olacaq.” Onun səsi, qorxu və çaşqınlıq içində olan sərnişinlər üçün ümidin bir parçası oldu. Təyyarənin idarəetmə sistemində nasazlıqlar baş verərkən, Hökümə xanımın bu sözləri, yolçuların ruhunu möhkəmləndirdi. Pilot kabinəsində isə Kapitan İqor Kşnyakin və köməkçi pilot Aleksandr Kalyaninov, həyatlarının ən böyük sınağı ilə üz-üzə idi. Onlar təyyarəni təhlükəsiz şəkildə yerə endirmək üçün hər şeyi etdilər. İqor Kşnyakin, 15 min saatdan çox uçuş təcrübəsi olan bir pilot kimi, təcrübəsindən istifadə edərək, təyyarəni idarə etməyə çalışdı. Təyyarənin hündürlüyündəki xaotik dəyişikliklərə baxmayaraq, o, son ana qədər mübarizədən vaz keçmədi. Aleksandr Kalyaninov, gənc bir pilot olaraq, kapitana dəstək verdi. Onların birgə mücadiləsi, sərnişinləri qorumaq üçün göstərdikləri səylər, əsl qəhrəmanlıq nümunəsi oldu. Təyyarə yerə çırpıldıqda belə, onların qəhrəmanlığı sərnişinlər üçün bir ümid işığı oldu. Onların son anlara qədər göstərdikləri səy və fədakarlıq, hamımıza dərin  təsir bağışladı və heç bir zaman unudulmayacaq.

        Faciənin qaranlıq səmalarında, həyatının ən böyük arzusu  futbolçu olmaq üçün yaşayan 13 yaşlı Məhəmmədəli Eqanov da var idi. Məhəmmədəli, "Gənclik" futbol klubunda oynayırdı və peşəkar futbolçu olmaq arzusundaydı. O, komanda yoldaşları və dostları arasında sevimli, çalışqan və istedadlı bir gənc idi. Hər dəfə meydana çıxdıqda, gözlərində parıldayan ümid və sevgi ilə oynayırdı. Bu parlaq ümidlər isə Xəzər dənizi üzərində sönən "SOS" siqnalı ilə qaranlığa gömüldü. Qəzadan sonra, Məhəmmədəlinin dostları və komanda yoldaşları onu anmaq üçün bir araya gəldilər. Sosial şəbəkələrdə yayılan videolarda, göz yaşları içində onun üçün dualar edən, xatirələrini paylaşan gənclər görünürdü. Məhəmmədəlinin ən böyük arzusu, qaranlıq səmada sönən bir işıq kimi yarımçıq qaldı. Məhəmmədəlinin həyatı parlaq bir gələcəyə doğru yönəlmişdi, lakin qəfil gələn bu faciə, onun arzularını və sevdikləri ilə yaşamaq istədiyi xatirələri yarımçıq qoydu.

       Bu təyyarədə, həyatın çətinliklərinə qarşı birlikdə mübarizə aparan bir müddət öncə ata-analarını itirmiş Əli və Xədicə də var idi. Onlar, qardaş və bacı olaraq, bir-birinə dayaq olub bütün çətinlikləri aşmağa çalışırdılar. Həyatlarının ən böyük mübarizəsini verən bu iki gənc, sevgi və ümid dolu gələcək üçün böyük arzular bəsləyirdilər. Lakin, bu ümidlər qaranlıqda sönən ulduzlar kimi soldu.
Əli və Xədicə, bu qəzada həyatlarını itirdilər. Onlar, bir-birinə dayaq olaraq yaşadıqları həyat, qəfil gələn bu faciə ilə sona çatdı..
     Təyyarə yerə çırpıldıqda, həyatlar dəyişdi və dərin bir kədər qalxdı.
Faciəvi qəzada, Hökümə Əliyeva, Kapitan İqor Kşnyakin və köməkçi pilot Aleksandr Kalyaninov qəhrəmanlıqla həyatlarını itirdilər. Onların fədakarlığı və son anlara qədər sərnişinləri qorumaq üçün göstərdikləri mücadilə, heç bir kapitanın gəmisini tərk etməyəcəyini bir daha sübut etdi. Onlar, həqiqi qəhrəmanlar kimi yaddaşlarda qaldılar.
     Əli və Xədicə kimi yetim bacı-qardaşların,  13 yaşlı Məhəmmədəli Eqanovun sönən arzuları və diğərləri hər kəsin ürəyində dərin iz buraxdı. Onların həyatı, parlaq bir gələcəyə doğru yönəlmişdi, lakin qəfil gələn bu faciə, onların arzularını yarımçıq qoydu. Onların xatirəsi, həmişə ürəklərdə yaşayacaq.
Bu faciə, yalnız qurbanların ailələrinə deyil, bütün cəmiyyətə ağır  təsir etdi.. Qara səmanın altında sönən ulduzlar kimi, bu faciə də heç bir zaman unudulmayacaq.


                                                                                                                      Məryəm Bağırova


Youtube kanalımız