"Adsız qəhrəmanlar" - Tural İrfan yazır

"Adsız qəhrəmanlar" - Tural İrfan yazır
27 Dek 2024 09:30
Hər bir insanın ömründə nadir də olsa dahiyanə hərəkəti, addımı, sözü mütləq var. Bu, ixtiyari yaxud qeyri - ixtiyari ola bilər. İnsan kamil yaradılıb, sadəcə bu kamaldan kimi istifadə edə bilir, kimi edə bilmir, kimi də sui-istifadə edir.
Əsasən ekstramal hallarda insan bütün varlığı ilə hərəkətə gəlir. Sufilərdəki, şamanlardakı cəzbə, ekstaz halı da bununla bağlıdır. İnsan normalda saatda 20 km qaça bilərsə, arxasıyca vəhşi heyvan düşsə saatda 40 km qaça bilər. Yük qaldırma, düşünmə də belədir. Təhlükə anında beyin normadan artıq çalışır. Həlacın, İbn Ərəbinin, Nəsiminin cəzbə halında dediyi sözlər, fikirlər "şəthiyyat" - qəlbin, ruhun və hisslərin ağıl sərhəddini yaradaq təzahür edən insanın daxili, ruhani aləminin təntənəsidir.
Əvvəllər də yazmışam bu barədə. İmam Əlinin Xeybər qalasında qapını iki əli ilə qoparması faktı var. Lakin sonralar quru çörəyi suya batırıb çətinliklə bölür. Bu təzadın səbəbini soruşanda deyir ki, qapını Allah üçün qaldırırdım, çörəyi isə nəfsim üçün bölürəm. Yəni, inam və ya iman gücü də bu kimi hallarda böyük önəm kəsb edir.
Seyid Çavuş Çanaqqalada çəkisi 276 kq olan top mərmisini təkbaşına qaldırdığı halda sonra xatirə fotosu çəkmək üçün eyni çəkili mərmini qaldıra bilməmişdi.
İslam fatehi, məğlubedilməz qəhrəman, Peyğəmbərin "Seyfullah" Allahın qılıncı adını verdiyi Xalid bin Vəlid heç bir döyüşdə və rəhbərlik etdiyi müharibədə məğlub olmayıb. Elə savaş olub ki, əlində 9 qılınc sınıb.
Kafir olduğu cahiliyyə dövründə hətta Peyğəmbərin ordusunu da məğlub edib.
Roma, Sasani ordularının bir çox həlledici məğlubiyyətləri məhz Xalidin hərbi strategiyası və misilsiz şücaəti sayəsindədir.
Onun farslara yazdığı məktub məşhurdur. Sasani imperatoruna yazır ki, sizin dünyaya və qadınlara düşkün və həris olduğunuz qədər ölümə düşkün və həris olan bir ordu ilə üstünə gəlirəm...
Xuzu, xuşu, seyrü-süluk yalnız namaz və zikr ibadəti ilə məhdudlaşmır. Zəkat da ibadətdir. Zəkatı da verəndə Allaha yaxınlaşmanı düşünməlisən. Yoxsa zəkatı verib gözün malın arxasında qalmamalıdır. Yaxud giley və narazı şəkildə etməməlisən. Habelə cihad da ibadətdir. Onda da saflıq, ədalət, əxlaq, xuzu və xuşu olmalıdır. Yoxsa elə qılıncı götür, qabağına keçəni şaqqala, bu ibadət ola bilməz. Yəni, səhabələr hər dəfə haqq uğrunda savaşa girəndə bunun son savaşları olduğunu, bu dəfə şəhid olub Allahın hüzuruna çıxacaqlarını güman yox, qəti əminliklə yəqin ediblər. İslam ordularının komandanı olaraq Xalidin əsla yenilməməsi sonralar ilahi sifətlər şamil ediləcəyindən qorxularaq vəzifəsindən geri çağırılması, vali təyin edilməsinə səbəb olmuşdur. Ancaq qısa müddət sonra ölüm döşəyində qılıncını istəyib döyüş meydanında şəhid olmayaraq da yataqda ölməsinə bərk təəssüflənərək canını təslim etmişdir.
Yəni, üstünə getdiyin işin, amalın mahiyyətini tam dərk etdinsə, hədəfi dəqiq anladınsa, hərəkətinin istiqaməti müəyyəndirsə bu zaman ilahi qüdrət səndə təcəlla edəcək. İnsanın özünün özünü bu hala gətirməsi var, bir də qarşılaşdığı kənar vəziyyətin çıxılmazlığı onu bütün varlığı ilə hərəkətə gətirir və çıxış yollarında sürətlə finişə doğru şütüyür.
Çox çətinlik görmüş adamların dözümlü olması, problemlərdən çıxış yolları tapması, çox zaman da tez nailiyyət əldə etməsi bununla əlaqədardır.
İnsandakı bütün hisslərin son həddi tam fərqlidir. Bu hisslərin son həddindən digər hisslər və hərəkətlər doğur. Nifrətdən qəddarlıq, zülüm törədiyi kimi məhəbbətdən də mərhəmət, səxavət doğur. Hər bir hiss inkişaf etdikcə kamala çatır və digər qollara bölünür. Bütün ali hisslər isə insanın ekstaz, cəzbə halında tam dolğunluğu ilə təzahür edir.
Böyük psixiatr alim Ziqmund Freyd deyirdi ki, hirsli halda deyilən söz adi halda mütləq düşünülmüşdür.
Yəni, İmam Əli demişkən, insan dilinin altında gizlənib.
Lakin bunu təkcə dilə, danışığa qısıtlamaq olmaz. Hal və hərəkətlərdə, düşüncələrdə, yaradıcılıqda, poetik təfəkkür sahəsində belə bu mövcuddur.
Qəza anında pilotun qabiliyyət və istedadı (əgər özünü itirməyibsə) adi vaxtdakından qat - qat yüksəlmiş olur. Bəlkə də adi vaxtda ağlına gəlməyən, oxumadığı, öyrənmiş olmadığı, təcrübədə qarşılaşmadığı ekstremal durumdan çıxış yolu tapır. Sanki ona ilham olunur və əlavə güc gəlir. Bax bunu Allah edir. Çünki həmin hal insanın təcrübəsi və biliyindən, fiziki qabiliyyətindən fövqəl bir gücdür, enerjidir.
Baş vermiş təyyarə qəzasının motivlərindən agah olduqda pilotların məhz bu halda olduqlarının nəticələrini görürük. Mümkün olan ən optimal variantı ən qısa zamanda seçib bəlkə də mümkünsüzü mümkün ediblər.
Allah rəhmət eləsin!
Tural İrfan, MCP-nin sədr müavini

Youtube kanalımız