Təhlükəsizlik eksperti İlham İsmayıl təyyarə qəzasının mümkün səbəbləri barədə news365.az-a danışıb. Onun sözlərinə görə, istənilən qəzanın səbəbləri ilkin və detallı araşdırmalar nəticəsində müəyyən edilir. Əsas ehtimallar arasında quş sürüsü ilə toqquşma, texniki nasazlıq və ya kənar müdaxilə yer alsa da, bəzi versiyalar daha az inandırıcı görünür.
İlham İsmayıl qeyd edib ki, quş sürüsü ilə toqquşmalar əsasən təyyarənin qalxışı və enişi zamanı baş verir:
"Quşlar yüksək məsafələrdə uçmurlar. Adətən 150-200 metrdən artıq yüksəyə qalxmırlar. Amma bu qəza zamanı təyyarə eniş edirdi və ərazidə duman olduğu üçün quşların orada olması ehtimalı çox aşağıdır."
Ekspert əlavə edib ki, qara qutunun məlumatları analiz edilmədən dəqiq səbəblər müəyyən edilə bilməz:
"Burada texniki nasazlıq və ya kənar müdaxilə ehtimalları da nəzərdən keçirilməlidir. Təyyarənin nəyə görə Bakıya yox, Aqdaoya yönləndirildiyi və orada niyə meydana deyil, torpaq sahəsinə endiyi araşdırılmalıdır. Dispetçer və pilotlar arasındakı danışıq bu məsələlərə aydınlıq gətirəcək."
İlham İsmayıl vurğulayıb ki, quşlarla toqquşma halları dünyada tez-tez baş verir. Son 5-6 ildə 50 minə yaxın belə hadisə qeydə alınıb. Lakin bu halların əksəriyyəti fəlakətlə nəticələnmir:
"Adətən belə hallarda təyyarələr ya geri dönür, ya da təhlükəsiz eniş edirlər. Uzun müddətli bir uçuş və qəza nadir hallarda müşahidə olunur."
Ekspert həmçinin dron uçuşlarının da ehtimallar arasında yer aldığını, lakin bunun da az inandırıcı olduğunu bildirib. Qara qutunun təhlili ilə qəzanın əsl səbəbləri dəqiqləşəcək.