Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
News365.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəf ifadə verib.
Həmçinin, Ağadadaş Ağayevin vəkili tərəflərin barışıq ərizəsini məhkəməyə təqdim edib.
Prosesdə "MedEra" hospitalının xadiməsi, cinayət işi üzrə zərərçəkən Nəzakət Paşayeva bildirib ki, işi ilə məşğul olarkən bayırdan səs-küyün gəldiyini eşidib:
"Səs eşitsəm də, işimin dalınca getdim. Qapıya tərəf gələndə ayağıma balta dəydi. Ayağıma dəyəndən sonra baltanı götürüb kənara qoydum ki, onlardan hər hansı biri götürməsin. Mübahisə edənlərin kim olduğunu da sonradan öyrəndim. Hansı səbəbdən mübahisə etdiklərini də bilmirdim. Daha sonra Nurəddinin ağız-burnunun qan içində olduğunu gördüm. Ağadadaş Ağayevə qarşı hər hansı bir şikayətim yoxdur".
Daha sonra xalq artistinin mübahisə etdiyi, sözügedən hospitalın mühafizəçisi Nurəddin Cəlilov ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib. Həmçinin deyib ki, Ağadadaş Ağayevə qarşı hər hansı bir şikayəti yoxdur.
"Hadisə baş verən gün Ağadadaş Ağayev baltanı arxasında gizlətmişdi, lakin qapıdan keçəndə əlində balta olduğunu görmüşdüm. O, nalayiq ifadələr işlədə-işlədə gəlirdi. Sonra qarşılıqlı olaraq bir-birimizə qarşı nalayiq ifadələr işlədirdik. Balta mənə dəymədi, Nəzakət xanıma dəydiyini də görmədim", - deyə Nurəddin Cəlilov ifadəsində bildirib.
Hakimin "Ağadadaş Ağayev hansı ifadələr işlədirdi?" sualına cavab olaraq zərərçəkən xalq artistinin ona "ermənidən əmələ gələn" dediyini bildirib.
Proses zamanı şahid qismində ifadə verən "MedEra" hospitalının həkimi Ceyhun Hüseynovun sözlərinə görə, hadisə vaxtı hospitalda axşam növbəsində olub:
"Ağadadaş Ağayev xəsarət alması barədə müraciət elədi. Həmin gecə müayinə etdik. Onun spirtli içki qəbul etdiyini düşünürdüm, lakin hər hansı bir sübutum yoxdur, sadəcə, bu, mənim şəxsi qənaətimdir".
Məhkəmənin növbəti iclası yanvarın 16-da davam edəcək.
Xatırladaq ki, hadisə ötən ilin iyul ayında baş verib.
Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.
Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.
Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.
***
Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışıb.
News365.az-ın məlumatına görə, tərəflər arasında notarius qaydasında barışıq əldə olunub.
Mühafizəçi Nurəddin Cəlilov da, Ağadadaş Ağayev də aralarındakı insidentə görə peşman olduqlarını deyiblər.
Razılaşmada Xalq artistinin vəkili Asim Abbasov da iştirak edib. Sənəd məhkəməyə təqdim edilib.
Bu dəqiqələrdə iş üzrə növbəti məhkəmə prosesi başlayacaq.
Qeyd edək, A.Ağayevlə birgə insident iştirakçısı Nurəddin Cəlilov da mühakimə edilir. Onların hər ikisi xuliqanlıqda ittiham olunur.