Ermənistanın xarici siyasət kursu, xüsusilə Rusiya ilə münasibətlər və Qərbə inteqrasiya istiqamətində atdığı addımlar regionda diqqət mərkəzində qalmaqda davam edir. Siyasi ekspertlər bu balansın Cənubi Qafqazda proseslərə təsir etdiyini bildirirlər.
Milli Məclisin deputatı Sevil Mikayılova News365.az-a açıqlamasında Ermənistanın hazırkı siyasi kursunun həm daxili, həm də xarici amillərin təsiri altında formalaşdığını bildirib.

Onun sözlərinə görə, Ermənistanın Avropa strukturlarına inteqrasiya siyasətinə yönəlməsi və bu istiqamətdə göstərilən dəstək ölkədə ictimai rəyə də təsir göstərir.
Deputat qeyd edib ki, aparılan sorğular da hakimiyyətin öz siyasi xəttini daha da möhkəmləndirdiyini göstərir. O bildirib ki, bu proses müəyyən iqtisadi çərçivə altında həyata keçirilsə də, siyasi mahiyyət daşıyır.
Sevil Mikayılova əlavə edib ki, uzun illər regionda təsir imkanlarına malik olan Rusiya üçün Ermənistanın yeni kursu mühüm dəyişiklik kimi qiymətləndirilir və bu, Moskva tərəfindən narahatlıqla qarşılanır.
Onun fikrincə, Ermənistan–Azərbaycan normallaşma prosesi də Qərb platformalarında dəstəklənir və bu, regionda yeni siyasi reallıqların formalaşmasına gətirib çıxarır.
Deputat bildirib ki, hazırkı mərhələdə Ermənistanın Rusiya ilə münasibətlərini tam kəsmədiyi, eyni zamanda Avrasiya İqtisadi İttifaqı ilə əlaqələrini davam etdirdiyi müşahidə olunur.