Məhkəmə-tibbi ekspertiza Ece İrtemin ölüm səbəbini müəyyən edib

Məhkəmə-tibbi ekspertiza Ece İrtemin ölüm səbəbini müəyyən edib
12:17

"Kızılcık Şerbeti" serialının aktrisası Ece İrtemin qəfil vəfatı ilə bağlı aparılan araşdırmada yeni mərhələyə keçilib. 35 yaşında dünyasını dəyişən aktrisanın ölüm səbəbi ilə bağlı Məhkəmə-Tibbi Ekspertiza Qurumunun hazırladığı ilkin hesabat tamamlanaraq istintaq materiallarına əlavə edilib.

News365.azxəbər verir ki, 35 illik yubileyini qeyd etdikdən cəmi bir gün sonra səhhəti pisləşən Ece İrtem 2026-cı il iyunun 15-də yaşadığı evdə keçirdiyi infarkt nəticəsində vəfat edib. Gənc yaşda baş verən ölüm xəbəri sənət ictimaiyyətində və pərəstişkarları arasında böyük kədərə səbəb olub. Aktrisa son olaraq "Kızılcık Şerbeti" serialında rol alıb. 

Aktrisanın ölümü ilə bağlı aparılan istintaq çərçivəsində Məhkəmə-Tibbi Ekspertiza Qurumunun hazırladığı ilkin hesabat aidiyyəti qurumlara təqdim edilib. Hesabatda yer alan ilkin nəticələr araşdırılır. Bildirilir ki, ölüm səbəbi ilə bağlı yekun rəy laborator analizləri və ətraflı ekspertiza başa çatdıqdan sonra hazırlanacaq son hesabatda açıqlanacaq.

35 yaşında vəfat edən aktrisanın qəfil ölümü ictimaiyyətdə geniş rezonans doğurub. İstintaq davam etdiyindən yekun məhkəmə-tibbi rəyin açıqlanması gözlənilir.

Ece İrtemin vəfatından sonra onun vəkili Uğur Gökkoyun bildirib ki, aktrisa səhər saatlarında evində infarkt keçirərək həyatını itirib: "Ece İrtem bu gün saat 12:00 radələrində vəfat edib. Hadisə onun anası ilə birlikdə yaşadığı evdə baş verib. İlkin ehtimala görə, ölümün səbəbi infarktdır. Araşdırma davam edir. Dəqiq nəticə məhkəmə-tibbi ekspertizanın yekun hesabatından sonra məlum olacaq. Hesabat açıqlananda ictimaiyyətə əlavə məlumat veriləcək. Ailəsinə və bütün sevənlərinə başsağlığı verirəm".

Ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə aktrisanın cənazəsi ətraflı ekspertiza aparılması üçün Məhkəmə-Tibbi Ekspertiza Qurumuna göndərilib.

Aktrisanın gözlənilməz ölümündən sonra İstanbul Anadolu Respublika Prokurorluğu rəsmi araşdırmaya başlayıb. İlkin məlumatlara əsasən, Ece İrtemin bir müddətdir müntəzəm olaraq antidepressant preparatlardan istifadə etdiyi müəyyən edilib.

Bəzi iddialara görə, aktrisa ölümündən əvvəlki gecə reseptlə təyin olunmuş dərmanlarla yanaşı spirtli içki də qəbul edib. Bildirilir ki, bu məlumatlar istintaq çərçivəsində araşdırılır.

"Milliyet" nəşrinin məlumatına görə, Məhkəmə-Tibbi Ekspertiza Qurumunun ilkin hesabatında aktrisanın bədənində döyülmə, zəhərlənmə və ya ölümə səbəb ola biləcək hər hansı travmatik izin aşkar edilmədiyi qeyd olunub.

İlkin qiymətləndirmədə ölüm səbəbinin infarkt olduğu göstərilsə də, yekun nəticənin laborator analizləri və əlavə ekspertiza başa çatdıqdan sonra hazırlanacaq son hesabat əsasında müəyyən ediləcəyi vurğulanıb.

İstintaq çərçivəsində daha əvvəl gündəmə gələn digər iddia da araşdırılır. Aktrisanın vəkili Uğur Gökkoyun prokurorluğa təqdim etdiyi müraciətdə Ece İrtemin Taylanda səfəri zamanı meymun tərəfindən dişlənmiş ola biləcəyinin də araşdırılmasını istəyib.

Vəkil bildirib: "2026-cı il iyunun 15-də evində vəfat edən müvəkkilim Ece İrtemin sol qolunda üç çapıq müəyyən edildikdən sonra ailə üzvləri ilə söhbət zamanı onun Tayland səfərində meymun tərəfindən dişləndiyi bildirildi. Mütəxəssislərlə aparılan məsləhətləşmələr zamanı məlum oldu ki, meymun dişləməsi sepsis (qan zəhərlənməsi) də daxil olmaqla ölümcül nəticələrə səbəb ola bilər. Bu səbəbdən prokurorluğa müraciət edilərək ekspertiza zamanı bu ehtimalın da qiymətləndirilməsi xahiş olunub".

Türkiyə mətbuatında yayılan iddialara görə, aktrisanın anası Nuriye İrtem ifadəsində qızının ad gününü qeyd etdikdən sonra spirtli içki qəbul etdiyini, antidepressant qəbul etdikdən sonra onu yatağa uzatdığını və səhər cavab vermədiyini bildirib. Həmin iddialarda onun "çox spirtli içki qəbul edir və güclü antidepressant preparatlardan istifadə edirdi" dediyi irəli sürülüb.

Lakin Ece İrtemin vəkili Uğur Gökkoyun bu məlumatları təkzib edib. O bildirib ki, aktrisanın anası hadisədən sonra ağır psixoloji sarsıntı keçirdiyi üçün tibbi nəzarət altına alınıb və indiyədək ondan rəsmi ifadə alınmayıb.

Qeyd edək ki, ölümün dəqiq səbəbi yalnız Məhkəmə-Tibbi Ekspertiza Qurumunun yekun hesabatı açıqlandıqdan sonra rəsmi şəkildə müəyyən ediləcək.


Sizin reklam burada
Sizin reklam burada